Qafar Çaxmaqlı: Ortaq türk əlifbası mədəni inqilab olacaq

Bu bir başlanğıcdır, yekunlaşdırmaq üçün zaman lazımdır
 
 Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir". Bildirilib ki, əlifba Türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.

 Türkiyənin Ərcisəy Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, ortaq türk əlifbası 1926-cı ildə Azərbaycanda, Bakı şəhərində təşkil olunan 1-ci Türkoloji qurultayda qoyulmuş məsələ idi. Alimin sözlərinə görə, o zaman qərara alınmışdı ki, türk xalqları latın əlifbasına keçid etsinlər: 

"Düzdür, ortaq türk əlifbası ilə bağlı razılıq əldə olunmamışdı. Amma qəbul edilmişdi ki, sovetlər birliyində tərkibində və kənarda mövcud olan türk xalqları latın əlifbasına keçsin. Latın əlifbasına keçid ilk olaraq Azərbaycanda baş tutdu. Ardınca Türkiyə latına keçdi. Əfsuslar ki, Azərbaycanda latın əlifbasının ömrü uzun olmadı. 1936-cı ildə latın əlifbasının kiril əlifbası ilə əvəzlənməsi prosesi başlandı. 1939-40-cı illərədək, yəni qadağan edilənədək latın əlifbası Azərbaycanda əsas əlifba kimi işlədildi. Ortaq türk əlifbası 1990-cı illərdə yenidən aktullaşdı. Azərbaycan, Türkiyə və digər türk xalqlarının nümayəndələri İstanbulda, Ankarada, Almatıda, Bakıda bu məsələni müzakirə etmişdilər. Lakin ortaq məxrəcə gəlmək mümkün olmamışdı. O baxımdan Türk Akademiyasının iki il öncə başlatdığı və yekunlaşdırdığı ortaq türk əlifbası çox təqdirəlayiqdir. Böyük uğurlardan biridir. Bu münasibətlə Türk Akademiyasının prezidenti Şahin Mustafayevi təbrik edirəm".
 
 Q.Çaxmaqlı vurğulayıb ki, ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq:
 "Türk dillərində səs olaraq mövcud olan, lakin əlifbaya daxil edilməyən hərflər də ortaq əlifbada əksini tapıb. Azərbaycan dilində - q, x, ə səsləri də daxil edilib. Düşünürəm ki, təqdim edilən ortaq əlifba bütün türk dillərinə uyğundur. Gələcəkdə türk xalqlarının bir-birinə inteqrasiyası, ədəbiyyatın, mədəniyyətin yaxınlaşması baxımından ortaq əlifbanın böyük əhəmiyyəti olacaq. Bu, bir başlanğıcdır. Yekunlaşdırmaq üçün zaman lazımdır. Bəzi ölkələrdə islahatlar davam etdirilməlidir. Əsas məsələ Türkiyə türkcəsində həmin səslərin də olmasıdır. Bunun mexanizmlərinin necə həyata keçiriləcəyi gələcəyin işidir. Mən ortaq əlifbanı türk mədəni inqilabı adlandırıram. Xeyirli, uğurlu olmasını təmənna edirəm".