“Minsk qrupu onsuzda yox idi, sadəcə indi etiraf edilir” – “Ölü doğulan” təşkilat...

“Qarabağda münaqişə bitib  ATƏT-in Minsk Qrupu da fəaliyyətini başa vurub”

“Bundan sonra sülh prosesinə gedişdə tərəflərin birbaşa dialoqu və  Avropa Birliyinin,Türkiyənin ,eləcə də , Rusiyanın kənar qüvvə kimi dəstək verməsi mümkün ola bilər”


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun  fəaliyyətini  rəsmən dayandırması ilə bağlı açıqlama verib : “Yadınıza salım ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün də regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar atmaq tələb olunur”. 

Xatırladaq ki, Minsk Qrupu münaqişə ilə bağlı hüquqi mandatı olan yeganə beynəlxalq formatdır. Lakin aprel 12-də baş tutan bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bu formatın de-fakto etibarsız olduğunu elan edib və ATƏT-in yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak edə biləcəyini qeyd edib.  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, ATƏT-in Minsk qrupunun üzdə görünən məqsədi münaqişəni həll etmək, arxada duran niyyəti isə münaqişəni uzatmaq idi:

 “Müəyyən mənada buna nail oldular. Beləcə münaqişə 28 il uzandı. Sonda isə Azərbaycan özü öz torpaqlarını azad etdi. Bununla da ATƏT-in Minsk qrupunun faktiki fəaliyyəti dayandı. İkinci Qarabağ savaşından sonra Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında 5 dəfə görüş baş tutdu. Bunlardan ən sonuncu Avropa Birliyinin moderatorluq etdiyi Brüssel görüşü isə demək olar ki, məsələni xətm etdi. Bu günə qədər Ruisya özünü ortaya atır ATƏT-in fəaliyyətini qabardırdı. İndi isə tərəflər özü sülh danışıqlarına başlamağa razılaşdılar. Beləcə tərəflər arasında birbaşa dialoq başladı. Ermənistan və Azərbaycan XİN başçıları telefonla danışdılar. Komissiyaların qurulması, sülh danışıqlarının detalları qeyd olundu”.

Politoloq diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu onsuzda uzun müddətdir,yox idi sadəcə bu yoxluq indi etiraf edilir:

“İndi Rusiyanı Qərbdən qovublar o da başlayıb ki, artıq ATƏT yoxdur.Tam əminliklə demək olar ki, 28 il münaqişənin həlli üçün aparılan uğursuz danışıqların arxasında məhz belə bir qurum durub. Rusiya  bu cür qurumları yaratmaqla  münaqişələrin vaxtını uzatmağa çalışır”. 

S.Hümbətovun qənaətincə, münaqişə bitib  ATƏT-in Minsk Qrupu da fəaliyyətini başa vurub:

“Bundan sonra sülh prosesinə gedişdə tərəflərin birbaşa dialoqu və  Avropa Birliyinin,Türkiyənin ,eləcə də , Rusiyanın kənar qüvvə kimi dəstək verməsi mümkün ola bilər”.