Ermənistan Qarabağdan əl çəkir, Rusiya isə... – “Sülhə mane olur”

“İndi Azərbaycan və Ermənistan birbaşa təmasa keçdiyi bir vaxtda Rusiya özündən bir nümayəndə təyin edir”

“Deməli,  burda rəsmi Moskvanın məqsədi münaqişəni uzatmaqdır”

“Buna cəhd etsə də, alınmayacaq. Çünki Azərbaycan hazırda gözəl bir fürsət əldə edib”

Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib :“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək.O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,politoloq Samir Hümbətov məsələni “Sherg.az”a şərh edib :

 “İndi Azərbaycan və Ermənistan birbaşa təmasa keçdiyi bir vaxtda Rusiya özündən bir nümayəndə təyin edir. Deməli,  burda rəsmi Moskvanın məqsədi münaqişəni uzatmaq, sülh prosesinə mane olmaqdır. Buna cəhd etsə də, alınmayacaq. Çünki Azərbaycan hazırda gözəl bir fürsət əldə edib. Ermənistan Baş Naziri Nikol Paşinyanın parlamentdəki dörd çıxışına baxmışam. O bildirir ki,rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlara gedib məsələni özü həll etməlidir”.
Politoloq diqqətə çatdırıb ki,artıq Zaxarovanın arzuları reallaşa bilməyəcək.Çünki Ermənistan və Azərbaycan aralarındakı mövcud problemləri  özləri həll edir: 
“Türkiyə də buna dəstək verir.Rusiya münaqişənin həll olmasının öz qoşunlarının Qarabağdan çıxması demək olduğunu bilir.Ona görə bunu istəmir ,prosesə maneələr törətməyə çalışır”.