Ermənistanda Paşinyana qarşı ciddi ləkələmə kampaniyasına start verilib  - Politoloq

"Erməni millətçiləri xalqı küçələrə səsləyirlər. Mövcud vəziyyət fonunda ev dovşanına çevrilən Robert Köçaryan ağzına su alıb susmağa davam edir"

“Separatçılar Nikol Paşinyanı kəskin tənqid edərək sülh razılaşması üçün “Dağlıq Qarabağ”ın “qurban verilməsi”nə razı olmayacaqlarını qeyd ediblər”.

“Sherg.az” xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, qondarma “iclas”dan əvvəl separatçı A.Arutunyanın Qukasyan və Saakyan ilə görüşü baş tutub: 

“Arutunyan “Arsax” qarşısında 3 seçimin dayandığını və onlar üçün nicat yolunun Rusiya ilə yeni münasibətlər sistemi olduğunu bildirmişdi. Hazırda Paşinyana qarşı  Ermənistanda da ciddi ləkələmə kampaniyasına start verilib. Erməni millətçiləri xalqı küçələrə səsləyirlər. Mövcud vəziyyət fonunda ev dovşanına çevrilən Robert Köçaryan ağzına su alıb susmağa davam edir. Hesab edirəm ki, Brüssel görüşü və Moskva ilə davam edən dialoq, Bakı- London arasındakı razılaşmalar haqqında Paşinyan xəbərdardır. O, son bəyanatını ordumuzun "növbəti zərbəsindən" yayınmaq məqsədilə verib. Ermənistan hakimiyyətinin son çıxışlarından belə başa düşülür ki, Paşinyan Qarabağdakı ermənilər üçün maksimum zəmanət istəyir. Ukrayna hadisələri fonunda Rusiyanın manevr imkanları daralıb. Proseslər Moskvanı Türkiyə və Azərbaycan ilə münasibətlərdə ehtiyatlı addımlar atmağa sövq edir. Unutmamalıyıq ki, diplomatiyada istənilən məqbul nəticənin əldə edilməsi mümkündür. Belə olan təqdirdə, Bakının məqsədlərinə çatacağına dair heç bir şübhə qalmır”.