“Pence Kilit” terrorçuları klidə saldı

Turan Rzayev: "Rəsmi Ankaranın diqqətinin başqa regionlara yayındığını düşünən güclər PKK-nı Türkiyə əleyhinə yenidən aktivləşdirmək niyyətinə düşmüşdülər"

Türkiyə İraqın şimalındakı terror yuvalarını məhv etmək üçün əməliyyata başlayıb. Əvvəlcə Pilotsuz Uçan Aparatlar (PUA) və helikopterlər havadan zərbələr endirib. Daha sonra komandoların rəhbərliyi ilə quru əməliyyatına başlanılıb. Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib ki, “Pence Kilit” adlı əməliyyatda Metina, Zap və Avaşin-Basyan bölgələrində əvvəlcədən müəyyən edilmiş hədəflər vurulub. Akar planlaşdırılan hədəflərin hamısının ələ keçirildiyini və çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini qeyd edib: 

“Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalından xalqımıza qarşı terror hücumlarının qarşısının alınması məqsədi ilə “Pence-Kilit” əməliyyatına başlayıb. Bu əməliyyatın məqsədi sərhəd təhlükəsizliyimizdir. Pilotlarımız terror təşkilatına aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və sözdə qərargahlardan ibarət hədəfləri uğurla vurub. Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”. Nazir onu da vurğulayıb ki, mehmetçik xalqın məhəbbətindən, inamından, duasından ruhlanaraq, komandirlərinin əmri ilə öz işini böyük qəhrəmanlıq və fədakarlıqla yerinə yetirir:

 “40 ildir ölkəmizi bürüyən terror bəlasından millətimizi xilas etmək əzmindəyik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Terror təşkilatının dağılma prosesində olduğunu görürük. Bütün fəaliyyətlərimiz dost və qardaş İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə həyata keçirilir. Bir daha demək istəyirəm ki, bizim yeganə hədəfimiz terrorçulardır. Mülki əhalinin, ətraf mühitin, mədəni və dini strukturların zədələnməməsi üçün maksimum həssaslıq göstərilir”.

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, “Pence-Kilit” Türkiyənin Şimali İraqda ilk əməliyyatı deyil. Analitik qeyd edib ki, Türkiyə PKK terrorçuları ilə mübarizə fonunda 1984-cü ildən bu günə qədər bölgədə 10-dan artıq hərbi əməliyyat keçirib: 

"Türkiyənin Şimali İraqda başlatdığı əməliyyat beynəlxalq hüquqa tam uyğundur. Qardaş ölkə BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq Şimali İraqda hərbi əməliyyatlara başlayıb. Həmin maddədə açıq göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən an hərbi yoldan istifadə edə bilər. 11 sentyabr hadisələrindən sonra “Əl-Qaidə” təşkilatını Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton da məhz 51-ci maddəni əsas götürərək İraqa girmişdi. 

Türkiyə indiki məqamda hərbi əməliyyatlara başlamağa məcbur idi. 44 günlük müharibə və sonrakı proseslər, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Türkiyənin diqqətinin fərqli tərəflərə yönəldiyi eyforiyasını yaratmışdı. 

Rəsmi Ankaranın diqqətinin başqa regionlara yayındığını düşünən güclər PKK-nı Türkiyə əleyhinə yenidən aktivləşdirmək niyyətinə düşmüşdülər. Terrorçuların əsas bazası Şimali İraq olub. Türkiyə PKK-ya ağır zərbə vursa da, görünür, terror təşkilatı yenidən özünə gəlməyə çalışırmış. 

Rəsmi Ankara bu hərbi əməliyyatla terrorun nə Türkiyədə, nə də potensial təhlükə yaradacaq qonşu ölkələrdə yenidən təşkilatlanmasına icazə verməyəcəyi mesajını vermiş oldu. Bu həm də həmin terror təşkilatlarını maliyyələşdirən qüvvələrə ciddi mesajdır”.