"Neqativ epizodlar arxada qalıb"

İlqar Vəlizadə: "Əfsuslar ki, Qırğızıstanla iqtisadi əlaqələrimiz qənaətbəxş deyil"

"Türk Birliyinin təməli məhz ikitərəfli, qarşılıqlı münasibətlərin inkişafı ilə möhkəmlənir"

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək. Bunu Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev deyib. Onun sözlərinə görə, səfər 19-20 aprel tarixlərində baş tutacaq. Qırğızıstan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan və Qırğızıstan dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Əməkdaşlıq barədə Bəyannamə, həmçinin, Dövlətlərarası Şuranın yaradılması haqda Memorandumun imzalanması gözlənilir. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə deyib ki, Qırğızıstan prezidentinin Azərbaycana səfəri çoxdan planlaşdırılsa da, detalların müəyyən olunması bir qədər zaman aldı. Analitik vurğulayıb ki, ötən ilin dekabrında Qırğızıstanın ölkəmizdəki səfiri məbuat konfransda səfər barədə məlumat vermişdi:

 “Qırğız rəhbərinin Azərbaycana səfəri situativ deyil, əvvəlcədən düşünülmüş fundamental xarakter daşıyır. Bu səfərə türk respublikalarının əməkdaşlığı fonunda baxmaq lazımdır. Türk dünyasının zirvə görüşlərində liderlərin ikitərəfli təmasları olur, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılır. İkitərəfli münasibətlər inkişaf etdirilmədən, əlaqələr intensiv olmadan türk dövlətlərinin birliyi formalaşa bilməz. Türk Birliyinin təməli məhz ikitərəfli, qarşılıqlı münasibətlərin inkişafı ilə möhkəmlənir. O baxımdan belə səfərlərin önəmi çox böyükdür”. 

İ.Vəlizadəyə görə, Qırğızıstan-Azərbaycan münasibətləri ümumən normal olsa da, bəzi məqamlarda müəyyən problemlər də yaşanıb: 

“Sabiq prezident Atambayev dövründə iki ölkə arasında müəyyən soyuqluq müşahidə olunurdu. Rəsmi Bişkek Azərbaycana birmənalı dəstək verməkdə tərəddüd etdiyi üçün ölkə ictimaiyyətinin narazılığına səbəb olurdu. Neqativ epizodlar arxada qalıb və hazırda siyasi dialoq yüksək səviyyədədir. Qırğızıstanın indiki hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 44 günlük müharibədə qazandığımız qələbəni alqışlayıb. 

Ancaq əfsuslar ki, Qırğızıstanla iqtisadi əlaqələrimiz qənaətbəxş deyil. Çox güman, qırğız prezidentinin səfəri çərçivəsində iqtisadi məsələlər ətraflı müzakirə olunacaq”.