Ermənistana xəbərdarlıq olunur

Rusiya təxribatda yer almadığı görüntüsünü yaratmağa çalışır

   Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ermənistan tərəfi atəşkəs rejimini pozub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb: “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyətin nizamlanmasını təmin edib”. 

İlk dəfədir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazidə atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin hər dəfə məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb. Hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır. Xatırladaq ki, aprelin 12-də Ermənistan parlamentinin müxalifəti təmsil edən 17 deputatı da məhz Rusiya sülhməramlıları tərəfindən Qarabağa buraxılmamışdı. Rəsmi Bakı ilə dərhal əlaqə saxlayan sülhməramlılar erməni deputatların Qarabağa girişinə icazə verməmişdi. Bəzi ekspertlərə görə, Azərbaycanın Rusiya təxribatlarına qarşı sərgilədəyi kifayət qədər sərt mövqe Moskvanı daha yumşaq yanaşma ortaya qoymağa məcbur buraxıb. 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə bildirib ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrin davamlı təxribatlarının qarşısının alınmaması Azərbaycanda haqlı etiraz doğurub. Moskva bunun qarşılığında vəziyyəti qismən də olsa yumşaltmaq yolunu tutub: 

“Rusiya erməni separatçılarının, həmçinin Marqarita Simonyan kimi təbliğatçı-təxribatçıların guya Rusiyaya dəstək xarakteri daşıyan, əslində isə sülhməramlıların missiyasını tamamilə şübhə altına alan davranışlarını balanslaşdırmaq istəyir. 

Bu təxribatlarda Rusiya tərəfinin yer almadığı görüntüsünü yaratmağa çalışırlar. Həmçinin, Nikol Paşinyanın və digərlərinin sülhməramlıların ünvanına səsləndirdikləri ittihamların, eləcə də üçüncü qüvvələrin prosesə cəlb edilməsi istiqamətində atılan addımların qarşılığında Ermənistana xəbərdarlıq olunur. 

Bununla yanaşı, düşünürəm ki, sözügedən açıqlamanın növbəti addımlar üçün əlverişli fonun yaradılmasına xidmət etdiyi ehtimalını da diqqətdən qaçırmaq lazım deyil”.