Baş nazir ABŞ-ın maraqlarını Moskvaya satdı

Paşinyan çalışacaq ki, Rusiyanın əliylə alternativlərini zərərsizləşdirsin 

Rusiya hazırda “yaralı ayı”dır və istənilən addımı ata bilər

Amerika Birləşmiş Ştatlarının Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistan mətbuatı onu “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu tviterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir adlandırıb. Bununla aydın olub ki, Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə vasitəçilik missiyasını həyata keçirən həmsədrlik formatından imtina edib.

Ağ Ev bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsilə birbaşa iştirak edəcək. Şofer İrəvanda Xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb. Görüş zamanı Ermənistan-Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Erməni “hərbi əsirlərin” qaytarılması və “erməni mədəni irsinin” qorunması məsələlərinin müzakirə edildiyi bildirilib. Dövlət Departamentinin yaydığı məlumatda Ağ Evin Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini, Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı bəyanatlarını alqışladığı vurğulanıb. Qeyd olunub ki, dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın prosesə töhfə verməsi məqsədi ilə Endryu Şoferi regiona göndərib. 

Amerikanın son günlər Cənubi Qafqazda yenidən aktivləşməsini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, Ağ Evin məqsədi regionda özünü Rusiyanın alternativi kimi təqdim etməkdir. Professora görə, Azərbaycan tərəfinin Minsk qrupunu “siyasi ölü” hesab etdiyi Vaşinqtona məlumdur: 

"Ermənilərin hələ də “həmsədr” yuxusu görməsi əhəmiyyət kəsb etmir. Öz yalanlarına artıq özləri də inanmırlar. Amerika böyük “diplomat ordusu” ilə İrəvanda səfərdədir. Amma Rusiya həqiqi ordu ilə Ermənistandadır. Düzdür, Paşinyanı hakimiyyətə gətirən də, onu təkrar seçdirən də ABŞ-dır. Ancaq hakimiyyətin dadını bilən Ermənistan baş naziri Qərbi açıq dəstəkləməklə öz kreslosunda çox otura bilməyəcəyini anladı. Ona görə də Amerikanın maraqlarını Moskvaya satdı. Paşinyanın Rusiyaya səfəri, Prezident V.Putinlə görüşü və müzakirə olunan məsələlər bunu aydın şəkildə göstərdi. Paşinyan çalışacaq ki, Rusiyanın əliylə alternativlərini zərərsizləşdirsin. Rusiya hazırda “yaralı ayı”dır və istənilən addımı ata bilər. Erməni baş nazir yaxşı bilir ki, İrəvanın ipləri Kremlin əlindədir. Ukraynanın işğalı erməni siyasilər üçün göz dağı oldu. Ermənistanda belə qənaət var ki, “Qərb ölkələri Ukraynanı Rusiya qarşısında tək qoydu”. O baxımdan indiki məqamda ABŞ-ın Cənubi Qafqazda həlledici rol icra etməsi qeyri-mümkündür. Ağ Ev Rusiyanın nəzarətində olan Ermənistan rəhbərliyinə, İrəvan hökumətinə öz maraqlarını qəbul etdirə bilməyəcək”. 

C.Nuriyevin fikrincə, bütün bunlara rəğmən, ABŞ Qarabağ ətrafında cərəyan edən proseslərdə iştirakda maraqlıdır: 

“Vaşinqton ilk növbədə Moskvanı zərərsizləşdirməyə çalışır. Rusiya Ermənistanla yanaşı, Gürcüstanda da güclüdür. Amerika ilk növbədə Ermənistanı Rusiyanın caynağından xilas etmək istəyir. Lakin ABŞ bölgədə mövqeyini gücləndirmək niyyətindədirsə, bundan ötrü başqa addımlar atmalıdır. Ermənistan Cənubi Qafqazın kilid dövləti deyil. Amerika Azərbaycanla əlaqələri inkişaf etdirməli, 907-ci düzəlişi aradan qaldırmalıdır. Həmçinin, Qarabağın bərpası prosesində rəsmən iştirakını bəyan etməli, əməkdaşlığı genişləndirməlidir”.