Makron da ermənilərdən üz döndərəcək

Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxarmalıdır

"Ölkə rəhbəri İrəvana başa salmağa çalışır ki, ermənilər sülhdən imtina edərsə, sənədlə Zəngəzuru, Göyçəni onlardan geri alacağıq"

“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll edib. Özü də təkbaşına, heç bir vasitəçi olmadan:

“Vasitəçilərə gəldikdə əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu əbəsdir, bunun heç bir mənası yoxdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməyib”, Ölkə rəhbəri bildirib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb”.

Prezidentin Minsk qrupu ilə bağlı kifayət qədər sərt və açıq bəyanatını “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev xatırladıb ki, 44 günlük qələbədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdi. Professor deyib ki, Azərbaycan dövlət başçısı ilk dəfə onda həmsədrlər barədə sərt ifadələr sərf etmişdi: 

“Ölkə başçısı dolayı yolla həmsədrləri görmək istəmədiyini, sırf onların xahiş-minnətindən sonra “vasitəçiləri” qəbul etdiyini dedi. Prezident haqlı olaraq vurğuladı ki, həmsədrlərin yeganə məqsədi münaqişəni həll etmək deyildi, əksinə, erməni işğalını əbədiləşdirmək idi. Yəni de-fakto işğal altında olan torpaqlarımızı həmsədrlər de-yure müstəvisinə keçirməyə çalışırdı. Ancaq Azərbaycan dövləti buna imkan vermədi. Məqsəd Qarabağı Azərbaycana unutdurmaq, əvvəlki status-kvo ilə razılaşmağa məcbur buraxmaq idi. Dövlət başçısı Minsk qrupuna il yarım öncə qiymət vermişdi və onların əhəmiyyətsiz olduğunu bildirmişdi. 

Sonra Rusiya həmsədrlik institutundan imtina etdi. Moskvanın bu addımı atmasının əsas səbəblərindən biri Azərbaycanla imzalanmış müttəfiqlik sazişi idi. Ondan sonra ABŞ bənzər qərar verdi. Hər iki dövlət öz həmsədrlərini bölgə üzrə nümayəndə təyin etdilər. Fransanın da başı seçki prosesinə qarışıb. Yəqin ki, E.Makron yenidən prezident seçiləndən sonra ermənilərdən üz döndərəcək. Nəhayət, erməni tərəfi də anlayacaq ki, hər bir dövlətin öz marağı var.

  Ermənistan cənab Prezidentin xəbərdarlığından nəticə çıxartmalıdır. Ölkə rəhbəri İrəvana başa salmağa çalışır ki, ermənilər sülhdən imtina edərsə, sənədlə Zəngəzuru, Göyçəni onlardan geri alacağıq. Olmayan sovet hökumətinin qərarları bizi maraqlandırmır”.