Lavrov səmimi deyil! – “Belə bəyanatlara qarnımız toxdur” – Real iş görsün! 

Dünən Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Üçtərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə keçirilən üçtərəfli görüşdə Moskvanın münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirib.

 “Rusiya Cənubi Qafqazın sülh, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsində maraqlıdır. Ümid edirəm ki, bugünkü görüş liderlərimizin müəyyən etdiyi yolla irəliləməyə imkan verəcək”, - Rusiya XİN rəhbəri qeyd edib.

Sergey Lavrov vurğulayıb ki, Moskva tərəflər arasında etimadın artırılmasında və Ermənistan-Azərbaycan əlaqələrinin tam normallaşması üçün şərait yaradılmasında maraqlıdır.

Rusiya XİN başçısı Sergey Lavrovun sözlərini “Sherg.az”a şərh edən siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, Moskva bu açıqlaması ilə səmimi deyil:

“ Bununla bağlı xüsusi arqumentlərimiz var. Misal üçün, mayın 10-da Arayik Arutunyan “rus icmasının rəhbəri” Aleksandr Bordovu Xankəndidə qəbul edib. Rus icması göydən zənbilləmi düşdü? Rus icması Xankəndidə, Qarabağ ərazisində nə gəzir? Bütün bunlarla yanaşı təbii ki, Rusiyadan səmimiyyət gözləməyə  dəyməz.  Sergey Lavrovun, ümumiyyətlə, Rusiyanın açıqlamalarına inanmaq lazım deyil. Bizə real iş lazımdır. Bəyanatlardan artıq yorulmuşuq”.

Ekspertin sözlərinə görə, Rusiya daha real addımlar atmalıdır:

“Real iş delimitasiya, demarkasiya məsələləri ilə bağlıdır. Onlarla bağlı ciddi addımlar atılmalı, rəsmiləşmələdir. Sülh müqaviləsi imzalanıb başa çatmalıdır. Hər gün müxtəlif açıqlamalara, görüşlərə ayıracaq zamanımız o qədər də yoxdur. Biz növbəti 30 ili də gözləyə bilmərik. Əgər irəli sürdüyümüz 5 maddəni qəbul etməsələr, təbii ki, bunu güc yolu ilə həll edəcəyik. 

Bu sözsüz ki, Ermənistan üçün ən zərərli yol olacaq. İstina etmirik ki, Qarabağda növbəti dəfə antiterror əməliyyatları şahidlik edəcəyik, yoxsa yox. İstənilən halda, Rusiya atdığı addımlarda diqqətli olmalıdır. Bu gün rəsmi Moskva Ukraynada törətdikləri fonunda Qarabağda da, Cənubi Qafqazda da işlərdən geri çəkilmir, imkan vermir ki, prosesləri bitirək.

 Hər vəchlə maneə olmağa çalışır. Düşənbə görüşündə səsləndirilən fikirlər, bundan öncə deyilən sözlər, bundan sonra deyiləcək sözlər bizim üçün az əhəmiyyətlidir. Bizə real iş lazmdır. Bir daha qeyd edirəm ki, real iş sülh müqaviləsinin imzalanmasını tezləşdirilməsi, separatçıların  vaxtında, lazım gələrsə, vaxtından tez təmizlənməsindən ibarətdir”.

R.Məmmədsoy onu da əlavə edib ki, sülhməramlı adı ilə Rusiyanın bölgəyə yeritdiyi  hərbçilərin çıxarılması bizim üçün prioritetdir:

“Amma buna əməl edəcəklərmi? Düşünmürəm ki, əməl olunsun. Ermənistanda  baş verən aksiyaların əsas aparıcı iştirakçıları keçmiş “Qarabağ klanı”nın üzvləri – Serj Sarkisyandır, Robert Köçəryandır.  Bunların da haradan maliyyələşdiyi kimsədə şübhə doğurmur. 

Bütün bunların fonunda Sergey Lavrovun, yaxud digər rəsmilərin Qarabağla bağlı açıqlamalarında hər hansı bir səmimiyyət müşahidə edə bilmərəm. Yalnız real iş ortaya qoyulduqdan sonra nəsə deyə bilərik. Ancaq belə bəyanatlara qarnımız toxdur”.