Düşənbə və Moskva görüşləri nəticə verməyəcək! – “Rusiya məsələni uzatmaqla...”   

Ötən gün  Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulayıb. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu bildirib:
“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirib. Daha sonra Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb. Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib.
Ermənistan XİN başçısı Ararat Mirzoyanın sözlərinə görə, növbəti iki tərəfli görüşün gələn həftə Moskvada keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların görüşü Moskvada keçiriləcək:  
“Azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Deyəsən, Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”.

Növbəti görüşün Moskvada keçiriləcəyinə jurnalist, siyasi şərhçi Fuad Abbasov münasibət bildirib. O, “Sherg.az”a verdiyi açıqlamasında bildirib ki, Rusiyanın bu görüşlərdə iştirakı məsələnin həllini uzadacaq:

“Hər kəs ümid edir ki, nəhayət qonşu dövlət Ermənistanla sərhədlərimiz müəyyənləşəcək. Amma nə vaxta qədər ki, bu məsələlərdə Moskvada və yaxud Düşənbədə S.Lavrovun iştirakı ilə müzakirələr gedir, bu məsələnin müsbət həllini görməyəcəyik. Çünki Rusiya tərəfi həm birbaşa, həm də dolayı –diplomatik, humanitar yollarla Qarabağ məsələsinin mümkün olduğu qədər uzun müddət davam etməsini istəyir. Eyni zamanda Rusiya Qarabağda həlledici rol oynamağa davam etməsini arzu edir. Buna görə də düşünürəm ki, istər Düşənbə görüşü, istər Moskva görüşü bu problemin həll olmasında müsbət nəticə verməyəcək”.  

F.Abbasov hesab edir ki, Avropa formatlı görüşlər daha yaxşı nəticə verəcək:

“Əlbəttə ki, Brüssel  formatı daha yaxşı olardı. Amma Rusiya iştirak etdiyi görüşlərin məsələnin həllini uzatmaq yönündə olduğunu fikirləşirəm”.