İDDİA! – “İran Azərbaycanda məzhəb təəssübkeşliyi edir” – Təhlükəlidir!


“Bu məzhəb təəssübkeşliyi altında özünə güclü “5-ci kolon” formalaşdırıb”

“Ona görə İranın Azərbaycanın istər daxili, istər xarici məsələlərinə qarışması davam edəcək”

“Bu da istər-istəməz iki ölkə arasında münasibətləri gərginləşdirəcək”  


Ötən gün Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə  İran Prezidenti İbrahim Rəisi arasında görüş baş tutub. Keçirilən görüşdə İbrahim Rəisi  Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın artırılmasını alqışladığını vurğulayıb. İ.Rəisi həmçinin Tehran-Bakı münasibətlərinə toxunaraq qeyd edib ki, İranın prinsipial mövqeyi bütün ölkələrin, o cümlədən Azərbaycanın birliyi və ərazi bütövlüyünü dəstəkləməkdir:

“İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunması və gücləndirilməsinə böyük töhfə verir. İran və Azərbaycan arasında qonşuluqdan daha çox ortaq mədəni və qohumluq əlaqələri mövcuddur. Ona görə də iki ölkə arasında yaxın münasibətlərə xələl gətirməyə çalışan hər hansı amilə yol verilməməlidir”.

Ş. Mustafayev isə öz növbəsində Prezident İlham Əliyevlə iranlı həmkarının Aşqabaddakı görüşünü xatırladaraq, bunu tarixi hadisə adlandırıb:  “Bu görüşlə iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açılıb”.

Şahin Mustafayev Azərbaycanın İranla əməkdaşlıq şəraitində qaz mübadiləsi potensialını artırmaq və eyni zamanda Türkmənistandan Azərbaycana elektrik mübadiləsi layihəsini İran üzərindən həyata keçirmək istədiyini bildirib.

Görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışan Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycanın Ermənistanla problemi olduğu müddətcə İran bunu ölkəmizə qarşı istifadə edəcək:

“ Azərbaycan  Ermənistanla arasındakı problemi tam həll etdikdən  və bütün ərazilərə de-fakto, de-yure nəzarət etdikdən sonra İranla münasibətlər daha uyğun çərçivədə ola bilər. Amma hələlik İran bacardıqca müqavimət göstərəcək ki, Azərbaycanın başı Ermənistan məsələsinə qarışsın. Çünki cənub qonşumuz  porblemləri həll edilmiş, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan görmək istəmir. Bundan sonra İran, Azərbaycanın  onun daxili məsələlərinə münasibət bildirməsindən ehtiyat edir. Unutmayaq ki, İranda 40 milyona yaxın türk yaşayır. Onların da əksəriyyəti Azərbaycan kökənli türklərdir”.

Politoloqun fikrincə , hələ İranla problemlər yaşanacaq: 

“Həm də unutmayaq ki, İran Azərbaycanda məzhəb təəssübkeşliyi edir. Bu məzhəb təəssübkeşliyi altında özünə güclü “5-ci kolon” formalaşdırıb. Ona görə İranın Azərbaycanın istər daxili, istər xarici məsələlərinə qarışması davam edəcək. Bu da istər-istəməz iki ölkə arasında münasibətləri gərginləşdirəcək”.