Paşinyan “kartları açır”! - “”Ermənistanı bu vəziyyətə Koçaryan və Sarkisyan aldı”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən paramentdə daha öncə vəd etdiyi sensasion açıqlamanı verib. Teleqraf.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan 10 dekabr 1991-ci ildə keçirilmiş referendumla Qarabağ ermənilərinin müstəqilliklərini elan etdiklərini bildirib.

"Amma 2007-ci ildə qəbul edilən Madrid prinsiplərində erməni tərəfi Dağlıq Qarabağın statusu ilə bağlı gələcəkdə referendumun keçirilməsinə razılıq verib. Bu o deməkdir ki, erməni tərəfi həmin əsası qəbul etməklə, artıq mövcud olan referendumu qeyri-legitim hesab edib. Ermənistan tərəfi gələcək referendumun Azərbaycanla qarşılıqlı razılaşma şəraitində keçirilməli olduğunu qəbul edəndə bizim hamımızın oturduğu budağı kəsdi. Biz deyirdik ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb. Əgər beləydisə, biz nəyi müzakirə edirdik? Qarabağın Azərbaycandan status almasını? Madrid prinsiplərinə görə, keçiriləcək referendumda Dağlıq Qarabağda yaşayan azərbaycanlıların da iştirakı nəzərdə tutulub. Bu, 10 dekabr 1991-ci il referendumunun legitimliyinə bir zərbə idi. Daha bir ifşa. Ən sensasiyalı fakt ondan ibarətdir ki, əslində Madrid prinsipləri təşəbbüsünün müəllifi və ya həmmüəllifi Ermənistan tərəfidir.

Niyə bu insanlar bütün bunları etdilər? Sonra deyirlər ki, biz Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını rəhbər tutmuşuq və mən bu tribunadan dedim ki, siz Madrid prinsiplərini qəbul edəndə artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmisiniz. Həmişə deyirdilər ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. O zaman niyə onun gələcək “status”unu və parametrlərini Azərbaycanla müzakirə edirik? Bu, həqiqətdir”.

Baş nazir bildirib ki, bu gün bəzi qüvvələr onu müharibə etməkdə ittiham edirlər: 

“Yox, müharibəni biz gətirməmişik, siz müharibə elan edib getdiniz. O müharibənin qarşısını almağın bir yolu Azərbaycanın bütün qəbuledilməz şərtlərini və tələblərini qəbul etmək idi. Müharibə 2016-cı ilin aprelində başladı və Serj Sarkisyan bu tribunadan bəyan etdi ki, siz növbəti müharibəyə ümid etməyin. Biz indi Dağlıq Qarabağ ermənilərinin hüquqlarının, təhlükəsizliyinin və statusunun həlli üçün mümkün olan hər şeyi edirik, lakin “Biz deyirik ki, sülh bizim gündəmimizdədir. Biz önümüzə sülhün bərqərar edilməsi vəzifəsini qoymuşuq. Sülh prosesi yolunda yıxılacağıq, amma yenidən ayağa qalxacağıq. Onlar bizi söyəcəklər, satqın deyəcəklər, bizi pis adlandıracaqlar, əclaf deyəcəklər, nə istəsələr deyəcəklər, amma bizi hədəfimizdən yayındırmayacaqlar”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Nikol Paşinyanın açıqlamasına münasibət bildirib. O, “Sherg.az”a verdiyi açıqlamada qeyd edib ki, Paşinyanın dedikləri ilə hardasa razılaşmaq olar:

“Hətta Ermənistanın ilk prezidentdi Levon Ter-Petrosyanın da fikrilərində belə ifadələr yer almışdı. Yəni, Qarabağ klanının hakimiyyəti dövründə istər “Madrid”, istərsə də  “Kazan” prinsipləri olsun, fərqi yoxdur. Danışıqlar prosesində ortaya atılan prinsiplərin hər birində bu və ya digər formada Qarabağ məsələsi qəti olaraq Azərbaycanın mövqeyini ortaya qoymuşdu. 

Sadəcə olaraq onun detalları var idi. Onun üstündə danışıqlar gedib. Paşinyan 2018-də hakimiyyətə gəldikdən sonra artıq bütün danışıqlar prosesi iflic oldu. Nəticədə müharibə baş verdi. Paşinyanın artıq edə biləcəyi bir şey yox idi. Paşinyan istəsə belə, qabağını ala bilməzdi. Düzdür, siyasi təcrübəsizlik də vəziyyəti bu həddə gətirən səbəblərdən idi. Ona görə də biraz da məsuliyyəti üzərindən atmaq üçün “Qarabağ klanı”nı və onun nümayəndələrini günahlandırır”.

Politoloqun fikrincə, Ermənistanın baş naziri uzun müddət bu prinsipdən istifadə edəcək: 

“Hətta Azərbaycanla sülh bağlasa da, bu iddianı ortaya atacaq. Digər tərəfdən də Paşinyan Ermənistanı blokadadan çıxarmağa çalışır. Düşünürəm ki, Paşinyanın bu cür açıqlama verməsində hardasa haqqı var. 
Robert Koçaryanın, Serj Sarkisyanın atdığı addımlar, yaratdığı şərait nəticədə Ermənistanı bu vəziyyətə gətirib çıxardı”.