"Putin Ukraynanı məğlub etməyi bacarsa..."

Olaf Şolz: "...Bunun dramatik nəticələri olacaq"

Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynadakı müharibədə qalib gələ bilməyəcəyini açıqlayıb.
“Şərq” NTV-yə istinadən xəbər verir ki,  İsveçrənin Davos şəhərində keçirilən 52-ci Dünya İqtisadi Forumunda (DİF) iştirak edən Şolz bu haqda çıxış edib.

Rusiyanın Ukraynadakı müharibəsinin təkcə bu ölkənin varlığını təhdid etmədiyini vurğulayan Şolz, bunun həm də son illərdə baş verən böyük hərbi münaqişələrin qarşısını alan beynəlxalq qaydalara əsaslanan əməkdaşlıq nizamını da sarsıtdığını bildirib.

 “Beləliklə, məqsədimiz çox aydındır. “Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlməməli idi və mən əminəm ki, bu olmayacaq”- Şolz bildirib.

Moskvanın Ukraynada başlatdığı müharibəni Putin üçün uğursuzluq kimi qiymətləndirən Şolz, Ukraynanın Rusiya tərəfindən işğalının "bu gün müharibənin başlanğıcından daha uzaq" göründüyünü və Putinin bütün strateji məqsədlərinə nail ola bilməyəcəyini söyləyib. Şolz xəbərdarlıq edib ki, Putin Ukraynanı işğal etməyi bacarsa, bunun dramatik nəticələri olacaq.

 “Putin hər kəsin azadlıq, suverenlik və öz müqəddəratını təyinetmə hüququnun olmadığı, güclülərin doğru olanı diktə etdiyi dünya nizamına qayıtmaq istəyir. Bu, imperializmdir”, - deyə o, bildirib.

Şolz həmçinin Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə və digər müsəlman azlıqlara zülm və zorakılıq etməkdə ittiham olunan Çinə müraciət edərək, “insan hüquqlarının pozulmasına” göz yuma bilməyəcəyini bildirib.