Prezidentin xəbərdarlığı tam yerindədir! – “Ermənistan manevrlər edir, vaxtı uzadır...”

“...Sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslərə bəzən cığal uşaq taktikası ilə maneə olmağa çalışırlar”

“Atdıqları hər addım qeyri-konstruktiv xarater bağışlayır. Bu da, əlbəttə, yolverilməzdir”

“Onlar bu cür davam edəcəksə, Azərbaycan da öz iddia və davranışlarını dəyişmək məcburiyyətində qalacaq. Bu açıqlama da həmin qəbildəndir”



Azərbaycan prezidenti İlham  Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüşdə çıxış edərkən Ermənistana xəbərdarlıq edib. Ölkə başçısı qeyd edib ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük:

 “Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. 

Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var. İndi Avropada müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar və rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni, meyil məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında”.

Ölkə başçısının Ermənistana xəbərdarlığını “Yeni Müsavat» Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu “Sherg.az”a şərh edib. Baş yazar bildirib ki, Azərbaycan postmünaqişə dövründə tamamilə konstruktiv mövqe sərgiləyir. Regionda gərginliyin azalması, sülhün daimi bərqərar olması istiqamətində əlindən gələn hər şeyi edir:

“Azərbaycan qalib gələn və haqlı tərəf olmağına rəğmən, bəzən lazım olduğundan daha çox səbirli davranıb, Ermənistanın və eməni xalqının yaranmış vəziyyəti, yeni gerçəklikləri dərk etməsini , anlamasını və yaşamasını gözləyib. Çox təəssüf ki, Azərbaycanın bu səbirindən və bu cür davranışlarından Ermənistanın müəyyən çevrələri, o cümlədən, revanşist kəsim, Paşinyan hakimiyyəti sui-istifadə etməyə təşəbbüs göstərirlər. Manevrlər edirlər, vaxtı uzadırlar, sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslərə bəzən cığal uşaq taktikası ilə maneə olmağa çalışırlar. Atdıqları hər addım qeyri-konstruktiv xarater bağışlayır. Bu da, əlbəttə, yolverilməzdir. Azərbaycan Prezidenti həm bu gün, həm də bundan öncə dəfələrlə Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, onlar bu cür davam edəcəksə, Azərbaycan da öz iddia və davranışlarını dəyişmək məcburiyyətində qalacaq. Bu açıqlama da həmin qəbildəndir”.

R.Arifoğlu Prezidentin Qərbi Zəngəzur haqqında dediklərinə də münasibət bildirib. Onun sözlərinə görə, Qərbi Zəngəzur və Ermənistanın indiki ərazilərinin böyük əksəriyyəti, hətta belə demək mümkündürsə, tamamı Azərbaycanın tarixi torpaqlarıdır:

“Lakin bu gün Azərbaycan BMT platformasında tanınmış dövlətin ərazisinə iddia qaldırmır. Sadəcə Ermənistanı 10 noyabr 2020-c i ildə bağlanmış bəyanata və ondan sonra Soçi, Moskva, Brüsseldə həyata keçirilən anlaşmalar istiqamətində fəaliyyət göstərməyə çağırır.

Ali Baş Komandan İlham Əliyev müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də diplomatiya müharibəsinə özü rəhbərlik edir. Çox uğurlu və faydalı proses gedir. Yalnız Azərbaycan üçün yox, Rusiya, İran , Ermənistan, Gürcüstan üçün çox rentabelli bir ortam yaranıb. Yenə də Ermənistan bu ortamı pozmaq təşəbbüsü göstərir. Təklif edilən 5 təməl prinsipi qəbul etdiyini söyləməklə yanaşı oyunpozanlıq edərək özünün həyata keçirilməsi mümkün olmayan təkliflərini irəli sürür. Bunların timsalında dövlətimiz bəyan edir ki, bu oyunların nə olduğunu bilirik, xəbərdarlıq edirik. Bu xəbərdarlıq doğrudur, məsələnin tam həllinə uyğundur.

 Müsahibimiz  onu da diqqətə çatdırıb ki, vətəndaş, yazar, siyasətçi və şərhçi olaraq bu xəbərdarlığı  dəstəkləyir. O, qeyd edib ki, ermənilərin nicat yolu Azərbaycan və Türkiyə ilə anlaşmaqdadır.