Moskva Brüsselin vasitəçiliyindən narahatdır! – “Prosesi tormozlaya bilər”

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan delimitiasiya komissiyaları haqda çıxış edib. O, qeyd edib ki, mayın 24-də Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların birinci görüşü konstruktiv keçdi:

“Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - deyə Ermənistan baş nazirinin müavini vurğulayıb.

M.Qriqoryan söyləyib ki, növbəti həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.

“Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir və delimitasiya prosesi ilə əlaqəsi yoxdur”, - M.Qriqoryan bildirib.

Baş nazir müavinləri arasında baş tutan birinci görüşü “Sherg.az”a şərh edən politoloq  Məhəmməd Əsədullazadə bildirib ki, bu ikitərəfli görüşün keçirilməsini irəliyə addım kimi qiymətləndirmək olar:

“ Amma bu o demək deyil ki, Ermənistanla delimitasiya-demarkasiya prosesi tez bir zamanda həyata keçiriləcək, sülh müqaviləsi bağlanacaq. Düşünürəm ki, növbəti görüşün Moskvada keçirilməsi prosesi tormozlaya bilər. Çünki erməni tərəfi konkret olaraq, burada prosesləri manipulyasiya edə, vaxtı uzada bilər. Ona görə də Ermənistan tərəfinin nə deməyindən asılı olmayaraq, biz prosesə baxmalıyıq və onların praktiki addımlarına fikir verməliyik. Əgər rəsmi İrəvan real addımlar atmasa, əlbəttə ki, Azərbayacan təzyiqlərə əl atmalıdır”.

Politoloqun fikrincə, Moskva Brüsselin vasitəçiliyindən narahatdır:

“ Onların fəaliyyətini pozuculuq kimi xarekterizə edirlər. Hesab edirəm ki, Rusiya tərəfi  əvvəldən bu prosesdə üçtərəfli komissiyanı formalaşdırılmasına çalışırdı. Lakin buna nail ola bilmədi. Amma ermənilərə təlimat verəcək, işi pozmağa çalışacaqlar.

 Düşünürəm ki, bir görüşlə hansısa nəticə əldə olunmayıb. Hələ ki, sərhədlıərin dəqiqləşdirilməsi prosesi başlamayıb. Bunu tanışlıq görüşü kimi də xarekterizə etmək olar.

Fikrimcə, Azərbaycan və Ermənistan üçün əsas vasitəçi Brüsseldir. Avropa İttifaqı delimitasiya-demarkasiya prosesində müəyyən irəliləyiş üçün töhfə verə bilər. 

Qeyd edim ki, bu, uzun bir prosesdir. Burada əsas hədəf anklavların, Qazaxın 7 kəndinin və Kərkinin  Azərbayacana qaytarılmasıdır.  Proses hələ qarşıdadır və Ermənistan tərəfi bu komissiyanın işini müəyyən dərəcədə dayandıra bilər”.  

Məlumat üçün qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.