“Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşməsi üçün işçi qrupu yaradıb. İlk iclas da gerçəkləşib”
“Reallıqla barışmayan qüvvələr Rusiya və onun siyasi elitasıdır”
“Amma gec-tez sülh sazişi imzalanacaq. Hər iki dövlət öz ərazi bütövlüyü çərçivəsində proseslərin inkişafı üçün addımlar atacaqlar"
Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Ölkə başçısı söyləyib ki, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır:
“Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”.
Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.
Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Sherg.az"a bildirib ki, reallıqla barışmayan qüvvələr Rusiya və onun siyasi elitasıdır:
"Onların argentura şəbəkəsi kimi istifadə etdikləri Ermənistan müxalifəti, xüsusilə, "Qarabağ klanı"dır. Bu klan son dövrlərdə Avropa İttifaqı xətti ilə aparılan danışıqlar nəticəsində əldə edilən qərarları qəbullanmaq istəmir. Sülh müqaviləsinin imzalanmaması üçün N.Paşinyana güclü təyziq göstərirlər. Rusiya XİN başçısı Sergey Lavrov da açıq surətdə bəyan edir.
Ruslar problemi uzadır və siyasi maraqlarını reallaşdırmağa çalışırlar. İki ölkənin münaqişədə qalmasını Rusiyanın xeyrinə olduğunu düşünürlər. Onların Cənubi Qafqazda möhkəmlənməsinə xidmət edir. Rusiya Ermənistanın mövqeyini dəyişməsi üçün səy göstərir".
Politoloqun qənaətincə, artıq proseslərə təkan verilib:
"Tərəflər sərhədlərin müəyyənləşməsi üçün işçi qrupu yaradıb. İlk iclas da gerçəkləşib. Sadəcə Rusiyanın N.Paşinyanı yenidən Moskvaya çağırması narahatlıq doğurur.
Azərbaycan sülhün tərəfdarıdır. Ölkəmiz Aİ-nin vasitəçiliyi ilə sülhün yaradılmasına üstünlük verir. Çünki Rusiya subyektiv davranır, strateji maraqlarını güdür. Maraqlarının mərkəzində ermənilərlə strateji əməkdaşlıq dayanır.
Gec-tez sülh sazişi imzalanacaq. Hər iki dövlət öz ərazi bütövlüyü çərçivəsində proseslərin inkişafı üçün addımlar atacaqlar".