Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyənin paytaxtı Ankaraya səfər edib. Qeyd edək ki, S.Lavrovun Türkiyəyə səfəri iyun ayının 8-nə nəzərdə tutulsa da, bir gün qabağa salınıb. Rusiya XİN rəhbəri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Masaya yatırılacaq ən kritik məsələ müharibə səbəbindən Qara dənizdə ilişib qalan ticarət gəmiləri üçün təhlükəsizlik dəhlizinin açılması olacaq.Gəmilərin rahat şəkildə səfərlərini davam etdirmələri üçün Odessa limanında yerləşdirilən minaların çıxarılması və Rusiya gəmilərinə tətbiq edilən sığorta məhdudiyyəti üçün həll yolları axtarılacaq.
Ankara bu müddətdə Ukrayna ilə də təmas yaradaraq, iki ölkə arasında vasitəçi rolunu oynayacaq. Müzakirə olunacaq digər bir məsələnin isə Türkiyənin Suriyada yürütdüyü antiterror əməliyyatları olacağı gözlənilir.
Səfərin pərdəarxasını şərh edən tanınmçış jurnalist, siyasi şərhçi Fuad Abbasov qeyd edib ki, indiki vəziyyətdə Türkiyə Rusiyanın dünyaya açılan yeganə pəncərəsidir:
“Qardaş ölkə regionda supergüc olmaq yolunda əminliklə addımlayır. Bilirik ki, bütün dünya ticarəti Rusiya ilə Türkiyə üzərindən əlaqə saxlaya bilir. Lavrovla Ərdoğanın Ukraynadan ixrac olunan taxılın koridor vasitəsi ilə Türkiyəyə, ordan da dünyaya paylanılması təklifi müzakirə ediləcək. Bununla yanaşı, Suriyada aparılan antiterror əməliyyatı nəticəsində Rusiyanın mövqeyinin zəifləməsi məsələsi ətrafında fikir mübadiləsi aparılacaq. Ən vacib amil dünyada taxıl qıtlığına səbəb olacaq böhranın aradan qaldırılmasıdır.Türkiyə həm NATO, həm Rusiya, həm də Ukrayna ilə əlaqələrini qoruyur.
Rəsmi Ankara ABŞ-ın İkinci Dünya Müharibəsində işlətdiyi taktikanı müvəffəqiyyətlə davam etdirərək regiondakı yerini möhkəmləndirir".