Lavrovun Bakı səfəri: “Görünən və görünməyən planlar...- “Kodlar” açılır!

 “Lavrovun gəlişi içərisində "Zəngəzur" dəhlizi məsələsi gündəmdədir”

“Çünki Rusiya bu dəhliz vasitəsiylə Orta Asiya neftini və qazını İrana  ixracını etmək istəyir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı İrandan sonra Azərbaycana iki günlük işgüzar səfərə gəlib. Dünən rusiyalı baş diplomatı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb:
 “Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib.

Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək. Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”.

Sergey Lavrov da iki ölkə arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədən danışıb. Nazir vurğulayıb: 

“Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Bayramovla liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik”.
 
Səfərin “kod”larını açan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Rusiyanın görünən və görünməyən planları içərisində Azərbaycan və Qafqaz həssas nöqtədir:

“Rusiyanın dünyada təkləndiyi bir dönəmdə özünə müttəfiq axtarması təbii haldır. S.Lavrovun ardıcıl olaraq Ermənistan, İran və Azərbaycana olan səfərləri bunun sübutudur. Regionda İranın başlatdığı bölgəsəl proses gedir və Rusiya əlində olan bütün imkanlardan istifadə etmək istəyir.
Lavrovun gəlişi içərisində "Zəngəzur" dəhlizi məsələsi gündəmdədir. Çünki Rusiya bu dəhliz vasitəsiylə Orta Asiya neftini və qazını İrana  ixracını etmək istəyir.Hadisələr üzərində hakimiyyətini itirdiyi üçün bu səfərlər baş tutur. İkinci bir məsələ Qərbin Azərbaycana investisiyaları, səfərləri,və forumların keçirilməsidir ki, bu, müəyyən dərəcədə qısqanclığa səbəb olur. Nazirin qarşılıqlı əməkdaşlığı, müttəfiqlik sazişini xatırlatması,"10 Noyabr"razılaşmasını vurğulaması və beynəlxalq təşkilatlarda birgə fəaliyyət nüanslarına geniş qiymət verilməsi bunlarla əlaqədardır. Əməkdaşlıq formatı qarşılıqlı investisiyaların qoyulmasına və qarşılıqlı əlaqələrin güclənməsinə əsaslanır. Dünən Azərbaycan tərəfi bunu rus diplomata bir daha xatırlatdı. Rəsmi Moskvanın diplomatiyasında Azərbaycan böyük rol oynayır".