Rusiya Qərbə “yox” dedi! – “Minsk qrup faktiki olaraq ləğv olunub! 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Amma rusiyalı həmsədr dəvəti qəbul etməyib.APA xəbər verir ki, bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.

Rusiyayla Qərb arasında olan bu çəkişmənin Azərbaycan üçün hansı nəticələr doğuracağı marağa səbəb olub.Məsələ sosial şəbəkələrdə müzakirə olunub və istifadəçilər iki hissəyə bölünüb. Bir tərəf Minsk qrupunun öz intensivliyini itirdiyini müdafiə edib.Digər tərəf isə Rusiyanın Regiondakı hegemonluğunu göstərmək üçün danışıqlar masasına oturmaqdan imtina etdiyini deyib.

 Minsk qrupun real həyat əlaməti qalmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a  bildirib ki, Rusiya onunla bir masaya oturmaq istəməyən tərəflərlə danışıqlardan imtina edib.

 "Minsk qrupu artıq əhəmiyyəti olmayan bir qurumdur və heç bir real nəticələr ortaya qoya bilməyib. Lakin biz  ATƏT-in özünün Qarabağ münaqişəsində iştirakını dəstəkləyirik. ATƏT sülhyaratma missiyasında, həmin ərazilərin bərpasında və.s də müsbət rol oynaya bilər. 

Minsk qrupunun isə fəaliyyətini Ermənistan tərəfi və himayədarları istəyir. Fransa, ABŞ və Rusiya Minsk qrupunu ayaqda saxlayaraq, bütün prosesi onun üzərindən həyata keçirmək istəyirlər. Azərbaycan isə istəyir ki, məsələni Azərbaycan, Ermənistan və digər əlaqədər ölkələr həll etsinlər. Ümumilikdə Ukrayna münaqişəsinə görə Qərb Rəsmi Moskvanı qəbul etməməyə başladı və Rusiya ilə heç bir masada oturmayacağını bildirdi.Bundan sonra Rusiya məcbur oldu ki, belə addımlar atsın. 

Çünki, Rusiyanı artıq ciddi qəbul edən ölkə yox idi. Bundan sonra Minsk qrupu formatını canlandırmaq istəyən ABŞ-a Kremldən “yox” cavabı gəldi. Üç həmsədr ölkənin bir masaya oturmadığı bir qrup onsuz da faktiki olaraq ləğv olunub".