Ankara Madriddə hədəflərinə çatdı: Türkiyə qalib, NATO məmnun, Rusiya isə məğlubdur


  Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandum diplomatik zəfərdir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, bu memorandum türk üçün çətin danışıqlar prosesindən sonra əldə edilmiş diplomatik qələbədir: “Gecikmələrə dözə bilmərik. İsveç və Finlandiyaya dəvət bir başlanğıcdır. Əsas olan verilən sözün tutulmasıdır. Onların icrasını diqqətlə izləyəcəyik”. 

  Məlumat üçün bildirək ki, üç ölkə başçılarının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib. Razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Həmçinin, müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq. Bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək. 

  Politoloq Elçin Xalidbəyli deyib ki, Türkiyə qalib, NATO məmnun, Rusiya isə məğlubdur. Ekspertə görə, rəsmi Ankara Kremlin “ümidləri”ni boşa çıxartdı:

 “Türkiyə özünə qarşı Qərbin səhnəarxası təzyiqlərinə və qərəzli məzmun daşıyan tənqidlərə heç bir əhəmiyyət vermədi. Rəsmi Ankara öz tələblərinin arxasında israrla dayandı və sonunda hədəflərinə çatdı. Üstəlik, Qərbdəki rəqiblərə sübut etdi ki, Türkiyənin hərbi-siyasi iradəsi ilə mütləq hesablaşmaq lazımdır. Rəsmi Ankaranın həm NATO daxilində, həm beynəlxalq məkanda öz mövqeyini rəqiblərə qəbul etdirmək qabiliyyəti artıq inkaredilməz reallıqdır. Bütün bunları nəzərə aldıqda, Türkiyənin NATO-nun Madrid sammitindən daha da güclənərək, çıxdığı qətiyyən şübhə doğurmur. Xüsusilə də bundan sonra həm NATO daxilində, həm də beynəlxalq məkanda Türkiyənin siyasi iradəsinin həlledici faktorlardan olacağı da yeni şərtlərin diktə etdiyi reallıqdır. Bundan sonra bu reallığın dünyanın siyasət məkanında güclü Türkiyəni ifadə edəcəyi qətiyyən istisna deyil. Ərdoğanın İsveç və Finlandiya liderləri ilə üçtərəfli anlaşmanın imzalanmasından sonra verdiyi açıqlama Rusiyanı məmnun etməyəcək məzmun daşıyır. Çünki Türkiyə lideri vurğulayıb ki, NATO-nun genişlənməsi Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın həllində də xüsusi rol oynaya bilər. Onun bu açıqlaması Türkiyənin Ukrayna savaşına münasibətdə NATO-nun mövqeyini dəstəklədiyi kimi yozulur”.
  Analitikə görə, rəsmi Ankaranın öz mövqeyini bu qədər açıq şəkildə dəqiqləşdirməsi Rusiyanın maraqlarına qətiyyən cavab vermir: “Kremldə Türkiyənin NATO-dan fərqli mövqe tutmasına böyük ümidlər bəsləyirlər. Halbuki, rəsmi Ankara NATO üzvü olan Türkiyənin davranışlarını və hədəflərini Rusiyanın maraqları üzərində indeksləşdirməz. Ümumiyyətlə isə NATO-nun Madrid sammiti Rusiyanı açıq şəkildə hərbi hədəfə almaqla, Kreml üçün daha təhlükəli situasiya vəd edir. Məsələn, Böyük Britaniya NATO ölkələrinin Rusiyaya münasibətdə daha qətiyyətli davranmasına çağırır. Rəsmi London hesab edir ki, əvvəlcə Rusiya məğlub edilməlidir, yalnız bundan sonra Kremllə danışıqlar aparmaq olar.
Böyük Britaniyanın Baş naziri Boris Conson da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bütün dünya üçün tarixi hadisə hesab edir. Onun fikrincə, Rusiyanın hərbi manevr imkanlarının məhdudlaşdırılması artıq qaçılmazdır. Britaniyalı baş nazir əmindir ki, Rusiya Ukraynaya qarşı savaşa başlamaqla, NATO-nu öz qərb sərhədlərindən uzaqlaşdırmaq məqsədi güdsə də, reallıqda bunun əksi ilə qarşıladı: “İndi prezident Vladimir Putin Rusiya sərhədlərinin daha geniş hissəsində NATO-nun mövcudluğunu görməli olacaq”.
  E.Xalidbəyli qeyd edib ki, yaxın gələcək üçün NATO-Rusiya münasibətlərinin hansı istiqamətlərə yönələ biləcəyini baş katib Yens Stoltenberq birmənalı şəkildə ifadə edib:
“Stoltenberq Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmaya hələ 2014-cü ildən hazırlaşmağa başladığını vurğulayıb. Bu, Rusiyaya qarşı qeyri-rəsmi şəkildə, yəni elan edilməmiş hibrid savaşın aparıldığını göstərir. Savaş mesajı təsiri bağışlamaqla yanaşı, həm də NATO-nun Rusiya ilə bağlı konkret hərbi-siyasi hədəflərinin olduğunu da növbəti dəfə təsdiqləyir. Ona görə də hesab etmək olar ki, Türkiyə NATO-nun Madrid sammitinin əsas qalibidir. İndi rəsmi Ankara bu hərbi-siyasi alyansın qərarlarına təsir etmək mexanizmlərini ön plana çıxartmaqla, yeni dünya düzəninin əsas iradə sahiblərindən biri statusuna iddiasını beynəlxalq rəqiblərinə qəbul etdirib. Bu, Türkiyəni gücləndirməklə yanaşı, beynəlxalq mövqeyini də möhkəmləndirib. Təbii ki, Madrid sammitində NATO da öz hədəflərinə böyük ölçüdə nail olub. Hər halda, rəsmi Ankaranın tələblərinin yerinə yetirilməsinin qarşılığında NATO-nun daha da genişlənmək şansı qazanması olduqca önəmli nəticədir. Bu prosesdə yalnız NATO-ya qarşı əsas beynəlxalq təhlükə mənbəyi elan edilən Rusiyanın məğlub tərəf kimi göründüyü isə inkaredilməz reallıqdır”.