Erməni "bülbülü" aranı qatır

"Olsun, biz də solovyovlarla danışmağın yolunu və üsulunu çox yaxşı bilirik"

  Rusiyanın birinci televiziya kanalının aparıcısı, erməni “bülbül”ü Vladimir Solovyov “Solovyov Live” və eyniadlı teleqram kanalında özünü “Artsaxın xarici işlər naziri” kimi təqdim edən separatçı, terrorçu David Babayanla müsahibə yayımladı. Bununla da vətəndaşı olduğu ölkənin qanunlarına, dövlətlərarası öhdəliklərinə və maraqlarına 1 erməni dramı qədər də dəyər vermədiyini ortalığa qoydu. Başqa bir ermənipərəst Modest Kalerovun rəhbərlik etdiyi “Regnum” Agentliyi də separatçı Babayanın sərsəmləmələrini Vladimir Solovyovun sözügedən resurslarına istinad edərək yaydı. Ekspertlərin fikrincə, bu addımlar həmin şəxslərin Rusiya-Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsinə məhəl qoymadığını nümayiş etdirir. 

  Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, son 6 ay ərzində nəinki Rusiyada yayımlanan media resurslarını, hətta vətəndaşların sosial şəbəkə hesablarını nəzarətdə saxlayan “Roskomnadzor”dan və digər federal dövlət qurumlarından hələlik səs çıxmayıb. Onun sözlərinə görə, Vladimir Solovyovun və Modest Kolerovun separatizmin təbliğinə xidmət edən, hüquqi məsuliyyət doğuran əməllərinə münasibətdə dilucu reaksiya belə yoxdur. Ola bilsin, bu, ermənilərin və onların satın aldığı şərəfsiz media çaqqallarının Rusiyada xüsusi statusa malik olduqlarının göstəricisidir. Əgər belədirsə, bunu açıq şəkildə desinlər, biz də işimizi bilək. Əslində Solovyov və Kolerovun nə üçün məhz Azərbaycanla beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasından sonra belə təxribata əl atmalarının səbəbi bəllidir. Bu, şübhəsiz ki, ilk növbədə Azərbaycanın ictimai rəyinə yönəlmiş və sərt əks reaksiyaya hesablanmış bir davranışdır. Digər tərəfdən isə vətəndaşı olduqları dövlətə meydan oxumaqdır. Məşhur el məsəlində deyildiyi kimi, “siz nə çalırsınız, çalın, biz onsuz da Heyvagülü oynayacağıq”. 
  Analitik vurğulayıb ki, Azərbaycanla imzalanmış bəyannamə və sazişin müddəaları rəsmi Moskvadan Solovyovun təxribatına və “Regnum”un züyçülüyünə sərt reaksiya verilməsini tələb edir: “Gözləyək. Amma bu gözləntinin ömrü uzun olmayacaq. Solovyovların məqsədi Azərbaycan-Rusiya münasibətlərinə mümkün qədər daha çox ziyan vurmaqdan, incəliklərinə toxunmayacağam, amma ictimai rəydə kifayət qədər kövrək olan etimadı tamamilə zədələməkdən ibarətdir. Sükut və laqeydlik isə etimadın ən böyük düşmənidir. Bu hadisədən sonra qarşıma Vladimir Solovyovun “üzrxahlığı” çıxdı. Daha doğrusu, günahından daha böyük “üzrxahlığı”. O bildirib ki, balansı pozub və “Qarabağ tərəfi”ni efirə çağırdığı halda Azərbaycan tərəfinin mövqeyini öyrənməyib. Göründüyü kimi, o, separatçıları “tərəf” elan etməklə, Babayanla müsahibədən daha betər bir təxribata əl atıb. Olsun, biz də solovyovlarla danışmağın yolunu və üsulunu çox yaxşı bilirik”.