Qarabağa göndərilən erməni hərbçilər dərhal ərazilərimizdən çıxarılmalıdır

Belə getsə hərbçilərimiz sözünü deyəcək


  “Ermənistan Qarabağa müddətdən artıq hərbiçilər göndərirsə, Azərbaycanın cavabı hərbi istiqamətdə olmalıdır”. Bunu “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə müddətdən artıq hərbçi göndərməklə ilk növbədə əldə olunan razılaşmaları pozur:

“Rusiya sülhməramlı qüvvələri də üzərinə götürdüyü öhdəliklərə əməl etmirlər. Sülhməramlılar Azərbaycan ərazisindən Ermənistan hərbiçilərini çıxarmaq əvəzinə, İrəvandan göndərilən hərbiçilərə şərait yaradır. İlk növbədə bununla bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilməlidir. Əgər belə davam edəcəksə, Azərbaycan yeni Laçın yolunda post qoyacağı mesajını verməlidir. Bu, çox ciddi məsələdir və Azərbaycanın təhlükəsizliyini pozan amildir”.
  Analitikə görə, Rusiya tərəfinin addımları Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır: “Azərbaycan Ermənistan tərəfindən göndərilən hərbiçilərin dərhal çıxarılmasını tələb etməlidir. Ermənistan bunu Rusiya tərəfinin təlimatları ilə edir. Qarabağda yaşayan ermənilər o qədər azdır ki, silahlı birləşməyə cəlb etməyə adam tapmırlar. Əgər Rusiya və Ermənistan Azərbaycanın təhlükəsizliyini, suverenliyini pozursa, qəti və kəskin addımlar atılmalıdır”.