Pərdə arxasında yenə Kremlin barmaq izləri görünür

Özbəkistanda baş verən hadisələr Mərkəzi Asiyaya nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir

  İyulun 1-dən etibarən Özbəkistanın Qaraqalpaq vilayətində kütləvi etirazlar keçirilir. Buna səbəb ölkə Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər olub. Özbəkistan parlamentinin ölkə konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınması təklif edilib. Konstitusiya dəyişikliklərinə etiraz olaraq qaraqalpaqlar muxtar respublikanın inzibati mərkəzi olan Nukusda nümayişlərə başlayıblar. Etirazlar zamanı polislə qarşıdurma yaşanıb. 

Aksiyalarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb. Yaralananlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşı olub. Hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyoyev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib. Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi adlandırıb. O, Konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Mirziyoyev bildirib ki, Konstitusiya dəyişikliyi layihəsindən Qaraqalpaq maddəsi çıxarılır. Qaraqalpaqların müstəqillik elan etmək hüququ qorunacaq. Bundan əlavə, mobil operatorlar vasitəsilə sakinlərə konstitusiya dəyişikliyinin qaraqalpaqları əhatə etməyəcəyi mesajı çatdırılıb. Lakin ölkə rəhbərinin qərarına əsasən, Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib. Məlumat üçün bildirək ki, Qaraqalpaqıstan Respublikası Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40 faizini əhatə edir. Özbəkistanda millətçi hadisələrin eskalasiyası əslində iyunun 25-də başlayıb. Bəzi ekspertlərin fikrincə, Prezident Şavkat Mirziyoyev ilin əvvəlində qonşu Qazaxıstanda baş verən dövlət çevrilişindən sonra konstitusiya dəyişikliyi ilə hakimiyyətini möhkəmləndirmək istəyib. Konstitusiyaya dəyişiklik layihəsi ölkə rəhbərinin 5 il deyil, 7 il müddətinə vəzifədə qalmasını nəzərdə tutur. Digər məqam isə Qaraqalpaq Muxtar Respublikasının müstəqilliyini elan etməsinin qanuni olaraq qadağan edilməsi idi. 9 milyon əhalisi olan Özbəkistanda 1 milyon 500 minə yaxın qaraqalpaq türkü yaşayır. Qaraqalpaqıstan 14 inzibati rayona bölünüb. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi var. Muxtar respublika ərazisinin təxminən 85 faizi səhralıqdır. Hazırkı konstitusiyada respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ var. Muxtar respublikanın bayrağı, gerbi, konstitusiyası, məhkəmə sistemi və parlamenti mövcuddur. İğtişaşlardan sonra Özbəkistan və Qazaxıstan prezidentləri Qaraqalpaqdakı durumu müzakirə ediblər. Qasım-Jomart Tokayev Özbəkistanda sabitliyin təmin olunması istiqamətində həyata keçirilən sərt tədbirləri dəstəklədiyini bildirib. Həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə edilib. Müzakirələrin məhz Qazaxıstan rəhbəri ilə aparılması da təsadüfi deyil.   Nəzərə alaq ki, Qaraqalpaqıstan 1930-cu ilədək Qazaxıstan SSRİ-nin tərkibində olub. Özbəkistanda baş verənlərə Rusiyanın mövqeyi Kremlin mətbuat katibi Dmitri Peskov vasitəsilə açıqlanıb. Peskov bildirib ki, Özbəkistanda baş verənlər ölkənin daxili işidir. O, hadisələrə əlavə şərh vermək istəməyib. 

  Mərkəzi Asiyada baş verənləri “Şərq”ə analiz edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov qeyd edib ki, Özbəkistanın müstəqil xarici siyasət yürütmək mövqeyindən çıxış etməsi, Qərblə münasibətlərini inkişaf etdirməsi, ABŞ-la Özbəkistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Türkiyə ilə əlaqələrin sıxlaşdırılması bölgədə maraqları olan geosiyasi gücləri xüsusilə qıcıqlandırmağa başlayıb. Partiya rəhbərinin sözlərinə görə, son günlərdə Özbəkistanın Qaraqalpaqıstan bölgəsində yaşanan gərginliklər, baş verən qanlı olaylar “tanış senari”ləri xatırladır:

 “Qaraqalpaqlar süni surətdə separatçılığa sürüklənir, təhrik edilir. Bu hadisələr açıq-aşkar kənardan idarə olunan ənənəvi separatçılıq “senari”sinin tərkib hissəsidir. Postsovet məkanında separatçılığı körükləyən əsas qüvvə isə həmişə keçmiş imperiya mərkəzi olub. İmperiya hansı ölkəni hədəfinə alıbsa, ilk növbədə həmin ölkədəki “beşinci kolon”çulardan, separatçı  qüvvələrdən istifadə etməyə çalışıb. Hazırda Qaraqalpaqıstanda baş verənlər də oxşar sxem üzrə cərəyan edir. Özbəkistanın unitar əsaslı güclü dövlətə çevrilmək planlarının qarşısını məhz bu cür ənənəvi üsulla - "parçala və hökm sür" siyasəti ilə almağa çalışırlar. Mərkəzi Asiyanın iki ən önəmli ölkəsindən biri sayılan Özbəkistanın Turan Birliyinə hədəflənməsini bu yolla əngəlləmək istəyirlər. Lakin ümid edirik ki, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev təcrübəli bir siyasi lider kimi tezliklə ölkəsinin bu çətin mərhələni uğurla adlamasını təmin edəcək. Özbəkistan yenidən sabit inkişaf və yüksəliş yoluna qədəm qoyacaq”. 
  Ə.Hüseynova görə, bütün özbəklərin milli birlik, həmrəylik nümayiş etdirməsi zəruridir: “Qaraqalpaqlar da xarici güclərin əlində alətə çevrilməkdən, separatçılığa meyillənməkdən əl çəkməlidirlər. Separatçılıq yolunu seçmək türk dünyasına zərbə vurmaq yolunun seçilməsi deməkdir. Qaraqalpaqlar bu cür kirli oyunların baş tutmasına əsla yol verməməlidirlər. Separatçılıq indiyə qədər heç bir topluma xoşbəxtlik və müstəqillik gətirməyib. İllüziyalardan əl çəkmək lazımdır. Demək olar ki, tamamilə səhra iqliminin hökm sürdüyü, əkinçilik üçün səmərəli və münbit şəraitin mövcud olmadığı bir ərazidə yaşayan qaraqalpaqlar yalnız özbəklərlə birlikdə xoşbəxt gələcəklərini təmin edə bilərlər. Biz azərbaycanlılar da qardaş Özbəkistanda hüzur və əminamanlığın tezliklə bərqərar olması, siyasi sabitliyin təmin edilməsi üçün dua edirik”. 

  Siyasi şərhçi Turan Rzayev də “Şərq”ə bildirib ki, Özbəkistanda baş verən hadisələr Mərkəzi Asiyaya nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir. Analitik deyib ki, Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir: 

“Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində olması, enerji resursları ilə zəngin olması, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib. Pərdə arxasında yenə də Kreml var. Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır. Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhalisi olan Özbəkistan 448 min 978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır. Kreml yaxşı bilir ki, Özbəkistanda nə Qazaxıstan senarisi, nə də Tacikistan-Qırğızıstan gərginliyi bənzəri bir senarini işə sala bilməz. Daşkəndə təsir etmək üçün tək senari az qala bütün keçmiş sovet respublikalarının ortaq problemi olan separatizmi alovlandırmaqla mümkün ola bilər. Əslində Kremlin bu senarini işə salacağı öncədən bəlli idi. Hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı “proqnozlar” vermiş oxşar hadisələrin Özbəkistanda da baş verə biləcəyini açıqca demişdi. Təəssüf ki, Özbəkistan tərəfi Lukaşenkonun bu fikirlərinə həmin vaxt reaksiya verməmişdi. Lukaşenkonu Özbəkistanın daxili işlərinə qarışmaqda günahlandırmışdı. Proseslərdə Rusiyanın barmağının olduğunu göstərən digər fakt isə Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqıstanın “Özbəkistanın Krımı” adlandırılmasıdır”.