Ukrayna müharibəsi ən yaxşı nümunədir

Finlandiya Kremlin qəzəbinə tuş gəlmək istəmir

  Rusiya Prezidenti Vladimir Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verəcəklərini deyib. Putin hər iki ölkəni xəbərdar edib. Kreml rəhbərinin xəbərdarlığı nəticə verməkdədir. Finlandiyanın Xarici işlər naziri Pekka Haavisto hazırda ölkədə NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib. Haavisto fikrini belə əsaslandırıb: “NATO-nun kollektiv təhlükəsizliyinin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir”. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Finlandiya Ukrayna nümunəsindən ehtiyat edir. Qərbin şirnikləşdirməsinə aldanaraq Rusiya ilə fəsadları ağır olacaq qarşıdurmaya girmək istəmir. Analitikin sözlərinə görə, prinsip etibarilə, Rusiyanın sözügedən ölkələrlə hər hansı problemi mövcud deyil: 

“Bunu Rusiya Prezidenti Vladimir Putin də vaxtilə həmin ölkələrə xəbərdarlıq edərkən bəyan etmişdi. Görünür, Kreml Helsinkini bu və ya başqa yolla inandıra bilib. Əlbəttə, Finlandiyanın indiki məqamda NATO-ya üzvlükdən imtina etməsi real deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Finlandiyanın belə düşüncəsi olsaydı, İsveçlə birlikdə Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalamazdı. Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb. Yəni rəsmi Helsinkinin hərbi blok yolundakı ən böyük maneə aradan qalxıb. Finlandiyanın Xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO-ya üzv olmayacağına dair heç nə deməyib”. 

  T.Rzayevin fikrincə, Moskva Finlandiya və İsveçin NATO-ya üzv olmasından daha çox hərbi qüvvələrin bu ölkələrə, Rusiya sərhədinə gətirilməsinə qarşıdır: 

“Finlandiya Qərb ordusunu ölkəyə gətirərək, Kremlin qəzəbinə tuş gəlmək istəmir. Moskva isə Finlandiyada özünə yeni cəbhə açılmasını arzulamır. Hazırda Rusiyanın Qərbdən əsas tələbi NATO qüvvələrinin sərhədlərindən uzaqlaşdırılmasıdır”.