Paşinyan da qızışdırıcı, təxribatçı mövqe sərgiləyir

"Ermənistan hakimiyyəti bütün vasitələrlə çalışır ki, Azərbaycanı hərbi güc tətbiq etməyə təhrik etsin"

  Ermənilər bir yandan Kəlbəcəri atəşə tuturlar. Digər yandan Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayırlar. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi ordunu gücləndirmək və revanş götürmək üçün hərbi təhsil sahəsində islahatlar həyata keçirir, hərbi akademiya yaratmağa hazırlaşır. Ekspertlərə görə, bu addımlar Ermənistanın heç də sülh tərəfdarı olmadığını açıq-aydın sübut edir.

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, rəsmi İrəvanın ABŞ və Fransa ilə səylərini birləşdirməsi, bədnam Minsk qrupunu yenidən aktivləşdirmək cəhdləri, Qarabağ erməniləri üçün “status” əldə etmək təşəbbüsləri siyasi müstəvidə atılan təxribatçı addımlardır. Onun sözlərinə görə, bütün bunlar sülhə yox, sülh prosesinin tormozlanmasına xidmət edir: 

“Görünən budur ki, rəsmi İrəvan hazırkı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını istəmir. Həm Moskva, həm də Brüssel razılaşmalarını hər vəchlə pozmağa çalışır. Biz əvvəllər radikal erməni müxalifətinin revanşizmə can atmasını müşahidə edirdiksə, ancaq indiki məqamda isə Paşinyan hakimiyyətinin də təxribatçı, qızışdırıcı mövqe tutduğunu görürük. Ermənistan hakimiyyəti bütün vasitələrlə çalışır ki, Azərbaycanı hərbi güc tətbiq etməyə təhrik etsin. Bu da Nikol Paşinyanın və onun komanda üzvlərinin son vaxtlar verdiyi sülh bəyanatlarının saxtakar manevrlərdən başqa bir şey olmadığını təsdiqləyir. Ancaq bu manevrlərin hamısı Ermənistanın özü üçün zərərlidir”. 

  Ə.Hüseynovun fikrincə, müstəqil siyasət yürütmək qabiliyyəti olmayan Nikol Paşinyanın tez-tez havadarlarını dəyişməsi, gah Moskvaya, gah da Paris və Vaşinqtona yönəlik mövqe sərgiləməsi Ermənistanın oturuşmamış dövlət olduğunu göstərir:

 “Paşinyanın sələfləri də bu cür sərsəm siyasət yürütmələri ilə yadda qalıblar. Təəssüf ki, hazırkı Ermənistan rəhbərliyi də eyni səhvləri təkrarlayır. Ermənistanda ağıllı, müdrik liderlərin olmaması Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləyir”.