Baş nazir postu uğrunda yarış başlayıb

Consonun istefası Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək

Britaniyada siyasi təlatümlər tez-tez yaşanır. Bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil

  
  Müxalifətdəki Leyboristlər Partiyası gələn həftə Böyük Britaniyanın Baş naziri Boris Consonun baş nazir postundan getməsini sürətləndirmək üçün ona etimad səsverməsi keçirməyə hazırlaşır. Leyboristlərin lideri Kur Starmer Consonun baş nazirlikdən dərhal getməsinin tərəfdarı olduğunu açıqlayıb. Britaniya İcmalar Palatasında Şotlandiya Milli Partiyası fraksiyasının lideri İan Blekford “Sky News”a müsahibəsində deyib ki, o, gələn həftə Consona etimad səsverməsinin keçirilməsi təşəbbüsü ilə çıxış edəcək. 

Mütəxəssislərin vurğuladığı kimi, baş nazirin hətta tərəfdaşları arasında da populyarlığının kəskin şəkildə aşağı düşməsini nəzərə alsaq, müxalifətin təklifi Consonun keçid dövründə “Dauninq-stritdə” qala bilməməsi ilə nəticələnə bilər. Xatırladaq ki, Conson ötən gün Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın baş naziri postlarından istefa verdiyini açıqlayıb. Conson hazırda dünyanın ən çox müzakirə olunan siyasətçisidir. 

O, dövrümüzün ən xarizmatik siyasətçilərindən biri hesab olunur. Bu günlərdə dünya mətbuatı öz manşetlərini Consona aid məlumatlarla təqdim edir. Boris Conson istefa versə də, bu ilin oktyabr ayına kimi - hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirəcək. Xeyli vaxt idi ki, 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunurdu. 2022-ci il iyulun 5-dən başlayaraq dünənə kimi hökumətin 60-a yaxın üzvü, o cümlədən xeyli nazir istefa verərək, baş nazirə etimadsızlıq nümayiş etdirib. Consonu postunu tərk etməyə çağırıblar. O əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kristofer Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə də təqsirli bilinirdi. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb. Ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətə sarsıdıcı zərbə vurub. Consonun atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olub. Daha sonra babası Osman Əli İngiltərəyə qaçıb və orada Uilfred Conson adını qəbul edib. 

  Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Boris Consonun istefasını Qərb-Rusiya qarşıdurması fonunda izah etmək yanlış olardı. Çünki Britaniyada daxili siyasi təlatümlər tez-tez baş verir. Bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil: 

“Britaniyada kimin baş nazir postunda əyləşməsindən asılı olmayaraq, o, qlobal siyasətini dərin strateji zəka ilə müəyyənləşdirir və bu proses davam edəcək. Bununla belə, Britaniyada hökumətə sədrlik etmək uğrunda bir yarışa start verilir. Bu sahədə bəzi prosedur qaydalar mövcuddur. Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq seçki keçirilmir. Boris Conson istefa versə də, payıza qədər vəzifəsinin başında qalacaq. Əgər Conson payıza qədər baş nazir postunda qalsa, bu, o deməkdir ki, mühafizəkarlar yeni lider seçənə qədər öz vəzifəsini davam etdirəcək. Bu müddət ərzində Conson Nazirlər Kabinetinə yeni üzvlər təyin edə bilər”.

  A.Kərimova görə, Conson yeni lider tapıldıqdan sonra baş nazirlik postu ilə vidalaşacaq:

 “Mühafizkarlar Partiyasının lideri istefa verdikdən sonra, yeni lider seçimi üçün seçki başlayır. Qaydalara əsasən, liderliyə namizədlərin namizədliyini irəli sürmək üçün mühafizkarlardan 8 deputatın dəstəyi lazımdır. Əgər seçim zamanı ikidən çox namizəd qalarsa, bu zaman yalnız iki nəfər qalana qədər bir sıra səsvermə keçirilir. Birinci turda namizədlər seçkilərdə qalmaq üçün ən azı 5 faiz səs toplamalıdır. İkinci turda onlar 10 faiz səs qazanmalıdır. Növbəti turlarda ən az səs toplamış namizədlər mübarizədən kənarlaşdırılır. Sonda qalib iki nəfər arasından seçilir. Britaniya mətbuatında Boris Consondan sonra kimin baş nazir olacağı da müzakirə edilir. Həmin şəxslərin bəziləri bizə tanışdır. Məsələn, Böyük Britaniyanın təzəlikcə istefa verən Səhiyyə naziri Sacid Cavid, indiki Xarici işlər naziri Liz Trass və Müdafiə naziri Ben Uollesin adları namizədlər sırasında çəkilir. Britaniya özünün qlobal siyasət konsepsiyasını “Qlobal Britaniya” strategiyası ilə təzələyib və buna uyğun davranmaqda davam edəcək. Yəni daxili-siyasi təlatümlər Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək”.