Nifrət silahı... - Vandalizm ermənilərin həyat tərzinə çevrilib

  “Erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə, son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir. Daha aqressiv, mərhəmətsiz və amansızdır”. Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, bu dünyagörüşü özündə bəşər tarixinin bütün pisliklərini, anti-insani təfəkkür və davranışlarını birləşdirən təfəkkür və həyat tərzidir: “Erməni vandalizminin kökləri haqqında apardığım araşdırmalar zamanı da buna bir daha əmin oldum. Vandalizmlə bağlı filosof və psixoloqların fikirlərini ümumiləşdirən dünyaca məşhur “Laruss” ensiklopediyasında qeyd olunur ki, “vandalizm insanın qarşısına çıxan bütün gözəllikləri, o cümlədən incəsənət əsərlərini məhv etməyə sövq edən ruh halıdır”.

Ermənilərdə bu, toplumsal ruh halıdır və özünü, əsasən, ekstremal vəziyyətlərdə, vandalizm üçün əlverişli tarixi şərait və cəzasızlıq mühiti yaranan zaman daha qabarıq şəkildə büruzə verir. Qeyd edim ki, erməni Qriqoryan kilsəsinin, Daşnaksütyun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb. Onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət “tarix”lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər. Eynilə Hitler və onun millətçi-sosialist partiyasının ideoloqları kimi..”.

  E.Mirzəbəyli vurğulayıb ki, Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar: 

“Hitler inkivizisiyası” adını alan bu tezislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlərlə bütün əlaqələrinin qırılmasına xidmət edirdi. Nifrət, yalan, xəstə, şozofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir. Erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağılların da Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi olmadığını düşünürəm. Əks təqdirdə, İrəvanda Təpəbaşı mədəni soyqırımı və azərbaycanlılara məxsus digər yaşayış məntəqələrində misli görünməmiş vandalizm aktları nə üçün törədilməliydi ki?”.