Ərdoğanla Paşinyan ilk dəfə danışdılar

Türkiyə-Ermənistan arasında razılaşmalar yaxın vaxtlarda reallığa çevriləcək

"Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri - Qərb müəyyən qədər kənarlaşır, Rusiya isə iştirakçıya çevrilir"

  Ermənistan Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər. Ermənistan və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik ediblər. Qeyd edək ki, Ərdoğanla Paşinyan arasında ilk dəfə telefon danışığı baş tutub. Bu danışıq qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır. 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə vurğulayıb ki, Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var. Analitikə görə, Ermənistan Türkiyə - Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir:

 “Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir. Bakı postmünaqişə dövrünün gündəliyinin tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir. Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub. Lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır. Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır. Erməni mediası yazır ki, Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi. Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı. İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur. Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil”.

  A.Nərimanlı qeyd edib ki, normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri - Qərb müəyyən qədər kənarlaşır, Rusiya isə iştirakçıya çevrilir: 

“Rusiya “3+3” formatının qurulmasından yanadır. Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Bu bizə imkan verir ki, 10 noyabr razılaşmasının bəndləri icra edilsin. Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın. “Dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır. Sülh sazişinin imzalanması şərtləri yetişsin. “3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla necə reallaşacağı hələ də sual altındadır”.