Afina erməniyə qucaq açıb

Mirzoyan yunan mediasında təxribatla məşğuldur

 “Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerine” qəzetinə müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına bir sıra ittihamlar səsləndirib”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Mirzoyan ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ənənəvi sərsəmləmələrini davam etdirib: “Şübhəsiz ki, Ararat Mirzoyanın mövcud olmayan "Dağlıq Qarabağ" və digər, təfərrüatına varmaq istəmədiyim  iddialarında təəccüblü heç nə yoxdur. 

Amma Ararat Mirzoyanın mütəmadi olaraq Yunanıstanın "Kathimerine" qəzetində yayımlanan müsahibəsi informasiya təxribatıdır. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmaq məqsədi daşıyan bir yanaşmadır. 

Maraqlıdır, görəsən, Cənubi Qafqazda Yunanıstanın adını kimsənin xatırlamadığı bir zamanda, rəsmi Afinanın regional ziddiyyətlərin və sosial-iqtisadi problemlərin girdabında boğulduğu bir zaman kəsiyində Ararat Mirzoyanın sərsəmləmələrinin yayımlanması hansı ehtiyacdan yaranıb?

 Bəlkə rəsmi Afina Mirzoyanın vasitəsilə Yunanıstan-Ermənistan-Cənubi Kipr zirvəsinin keçiriləcəyini anons etdirməklə təbii qaz böhranının daha da dərinləşəcəyi ehtimalını gözə alaraq, umacaqlarını diqqətə çatdırmaq istəyir? Hər halda son proseslər də sübuta yetirir ki, bəzi ölkələr "kəmərləri sıxılanda" daha realist olurlar”.