Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitterdəki paylaşımında deyilib. Həmçinin bildirilib ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan bəhrələnir.
Azərbaycanla Gürcüstanın çox vacib tərəfdaş və dost ölkə olduğunu deyən politoluq Natiq Miri "Sherg.az"a bildirib ki, biz hər zaman qonşuluq münasibətlərini öndə tutmuşuq:
"Gürcüstan Azərbaycanın qonşusu olmaqla yanaşı, strateji cəhətdən də, çox vacib ölkədir. Gürcüstanla bizim tarixi bağımız heç də, gözardı ediləcək məsələ deyil. Bu ölkə bizim üçün Türkiyə və Avropaya açılan qapıdır. Azərbaycanın blokadada saxlanılmaq istənildiyi zamanda Gürcüstan bizim üçün önəmli strateji və coğrafi məkan hesab edilirdi.
Azərbaycan da, ən çətin dönəmlərində rəsmi Tiflisin yanında olub. 2008-ci il Rusiya hərbi işğalı zamanı belə, Azərbaycan gürcü xalqından öz dəstəyini əsirgəmədi. Həmçinin bu iki ölkənin dostluğu Cənubi Qafqazdakı təhlükəsizliyin qarantıdır.
Bu “zəncirə” Cənubi Qafqazın 3-cü dövləti Ermənistanın da qoşulması lazımdır. Məhz rəsmi İrəvanın Cənubi Qafqaz üçlüyünə qoşularaq töhfə verməsi regionun təhlükəsizliyi baxımından önəmlidir.
Bu gün Ermənistan dağıdıcı geosiyasi alət olaraq çıxış edir . Bundan isə Rusiya Cənubi Qafqaz dövlətlərinə qarşı istifadə edir.
Azərbaycanın yürütdüyü xarici siyasət prioritetlərindən biri də, qonşu dövlətlərlə əlaqələri strateji səviyyəyə qaldırılmasıdır. Düşünürəm ki, bundan sonra da, qardaş Gürcüstana qarşı bu münasibət davam edəcək".