Almaniya səfiri Qarabağdakı geniş minatəmizləmə fəaliyyətindən təsirlənib

Almaniya Federativ Respublikasının Azərbaycandakı yeni səfiri Ralf Horlemann Qarabağda mina probleminin həlli istiqamətində icra edilən genişmiqyaslı fəaliyyətdən təsirlənib.
"Report"un xəbərinə görə, bu barədə o, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşdə bildirib.
Görüşdə Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair məlumat verilib.
Görüş əsnasında Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Almaniya Federativ Respublikasının mümkün dəstəyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Vüqar Süleymanov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ralf Horlemann Qarabağda təhlükəsiz mühitin yaradılmasında ən böyük maneə olan mina probleminin həlli istiqamətində icra edilən genişmiqyaslı fəaliyyətdən və bərpa-quruculuq işlərinin gedişatından təsirləndiyini bildirib.