Kayrat Osmonaliyev: “Azərbaycanla səmimi münasibətlərin qurulması Qırğızıstan üçün vacibdir”

“Uzun müddət regional və qlobal siyasətdə uğurla fəaliyyət göstərən Azərbaycan lideri İlham Əliyevlə səmimi dostluq münasibətlərinin qurulması, şübhəsiz ki, dövlətimiz üçün çox əhəmiyyətli və zəruridir və buna görə də qardaş dövlət başçısının ilk dövlət səfərinə belə əhəmiyyət verilir”.
“Report” xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Qırğızıstan mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, indi Azərbaycanla Qırğızıstan arasında əlaqələr əvvəlki illərlə müqayisədə daha dinamik inkişaf edir, siyasi və diplomatik sahədə böyük irəliləyiş əldə olunub: “Məsələn, 10 illik fasilədən sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib (19-20 aprel). Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir ki, ikitərəfli münasibətlər çərçivəsində, yəni, təxminən, 20 illik prezidentlik dövründə heç bir beynəlxalq siyasi hadisə ilə bağlı olmayaraq Qızğızıstana səfər edib”.
Səfir bildirib ki, bir qayda olaraq, dövlət səfəri ikitərəfli münasibətlərə yeni təkan verir və ya bunun nəticəsində onlar arasında münasibətlərdə yeni səhifə açılır.
K.Osmonaliyev iki dövlətin prezidentlərinin hazırda iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Hələ ki ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi kifayət qədər çox deyil – ildə, təqribən, 10 milyon dollar. Amma iki ölkənin potensialı qarşılıqlı faydalı əsaslarda bu həcmi onlarla dəfə artırmağa imkan verir”.
O əlavə edib ki, Bakıda yaradılan Qırğızıstanın Ticarət Evi və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaxın vaxtlarda iki ölkə arasında ticari-iqtisadi münasibətlərdə irəliləyişə səbəb olacaq.
Səfir vurğulayıb ki, Azərbaycan və qırğız xalqları tarixən ümumi köklər, mədəniyyət, adət-ənənələr və din baxımından bir-birinə bağlı olduğundan ikitərəfli əməkdaşlığın mədəni-humanitar komponenti olub və bundan sonra da olacaq.