"Amma bir məsələ var ki, Britanyada artıq konservativ qaydada normal namizəd qalmayıb”
“Bu nüansları nəzərə alsaq, B.Conson yenidən səhnəyə atılmaq istəyə bilər”
“Ukraynanın tərəfində olan Conson və Trassın sıradan çıxarılması, dərinlərdə rus xarici kəşfiyyatının təsiri ola biləcəyi ehtimalını üzə çıxarır"
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib. Trass, həmçinin bildirib ki, Mühafizəkarlar partiyasının lideri postundan da istefa verir. 47 yaşlı Trass yeni Baş nazir seçilənə qədər səlahiyyətlərini icra etməyə davam edəcək. Yeni Baş nazirin isə bu həftə seçiləcəyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri olmuş Liz Trass cari ilin sentyabrın 6-sı Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri seçilmişdi. O, Britaniya tarixində bu vəzifəni ən az müddət icra edən şəxs olub.
Qeyd edək ki, Trassın 45 gün əvvəl vəzifəsinin icrasına başlamasına baxmayaraq, Britaniyada artan iqtisadi problemlər onun reytinqinin kəskin şəkildə enməsinə səbəb olub. Siyasətçinin təqdim etdiyi iqtisadi plan hökumət üzvləri tərəfindən müsbət qarşılanmayıb.
Bir müddət əvvəl britaniyalı deputatlar Trassı istefaya səsləsələr də, o, istefa verməyəcəyini açıqlamışdı.
Sosial mediada isə Boris Consonun yenidən Baş nazir postuna qayıdacağı ilə bağlı fikirlər dolaşır.
İstefa məsələsinin Britanyadakı mühafizəkar partiyanın arasındakı fikir ayrılığından sonra olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, onlar həkimiyyətə gəlməyə hazırlıqlı deyildilər:
"Liz Trass vəzifəyə gələn gün ölkədəki neft və qaz yataqlarının işlənməsi ilə bağlı sərəncam verdi. Halbuki həmin günlərdə Kraliçanın dəfn mərasimi keçirilirdi. Bu mərasimdən istifadə edərək böyük neft maqnatlarını tələblərinə uyğun olaraq gizlin və tələsik qərarın verilməsi Britaniya cəmiyyətində xoş qarşılanmadı. Xanım Liz daha sonra isə iqtisadi qərarlar qəbul etdi. Bu qərarlar isə Trampın qərarlarına bənzəyirdi.
Belə ki, o bununla kiçik və orta biznesin deyil, böyük sahibkarların vergilərini aşağı salmağa çalışdı. Bu qərar isə büdcə kəsri yaratdı və onların bunu qarşılamaqla bağlı heç bir planı yox idi. Nəticədə də ölkənin həm funt-sterlinqi dəyərini itirdi, həm də birjaları alt-üst oldu. Bu hadisədən sonra isə qərarı geri çəkərək günahı iqtisadiyyat nazirinin üzərinə yıxdılar və onun istefasını tələb etdilər.
Bu isə Baş naziri məsuliyyətdən azad etmədi. Apardığı siyəsət Baş nazirin sadəcə böyük biznesə lobbiçilik etdiyini, əslində isə ölkə iqdisadiyyatından və nələrin baş verəcəyi barədə fikrinin olmadığını göstərdi. O bu qərarlarla özünün sonunu hazırladı və İngiltərə tarixində ən tez istefa verən nazir oldu.
Analitik qeyd edib ki, qarşıdan gələn seçkilərdə Boris Consonun şanslarını yüksək qiymətləndirmir:
"Amma bir məsələ var ki, Britanyada artıq konservativ qaydada normal namizəd qalmayıb. Sonuncu gözə çarpan namizəd Liz Trass idi. Onun istefasından sonra isə heç bir namizədin nüfuzu yüksək görsənmir. Bu nüansları nəzərə alsaq, B.Conson yenidən səhnəyə atılmaq istəyə bilər.
Ümumiyyətlə isə bütün proseslərin Rusiya ilə bağlı olduğunu düşünür və rus kəşfiyyatının bu işdə müəyyən rolu olduğuna inanıram.
Çünki Kremlin əsas hədəfi Avropa ölkələrində sağ partiyaların əli ilə siyasi qeyri-stabillik yaradıb, onların başını qatmaqdır. Bununla da onlar bu ölkələri Ukrayna cəbhəsindən geri çəkilməyə məcbur olurlar. Ukraynanın tərəfində olan Conson və Trassın sıradan çıxarılması, dərinlərdə rus xarici kəşfiyyatının təsiri ola biləcəyi ehtimalını üzə çıxarır".