“Sülh prosesində iştirakı isə Makronun günahı ucbatından bloklandı”
Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim edib.
Səfir son məqaləsində yazır ki, Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir... Yaşasın Praqa ruhu!
Digər tərəfdən isə Fransa XİN başçısı, prezidenti səviyyəsində verdiyi qərəzli və birtərəfli bəyanatlarla “Praqa ruhu”nu öldürür. Makronun son çıxışlarında isə Praqa yox, “Ermənistan ruhu” hiss olunur. Əgər Fransa həqiqətən regionda sülh istəyirsə, bu prosesə qarışmağa cəhd etməməlidir.
Fransanın Praqa bəyanatının imzalanması ilə bağlı heç bir müsbət addımı olmadığını deyən analitik Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, onlar Praqa görüşünün nəticələrini özləri üçün faktiki məğlubiyyət hesab edə bilərlər:
“Belə iddia olunur ki, görüşün təşkilini Fransa təklif edib. Geridə qalan bütün proseslərdə isə yalnız neqativ yol oynayıb.Məlumatlar var ki, Fransa prezidenti Emmanuel Makron ermənilərin bütün tələblərini ümumiləşdirərək, Praqa görüşündə Azərbaycana qarşı irəli sürməyə çalışıb.
Amma o çox böyük müqavimətlə üzləşib. Ermənistanın Paris üzərindən irəli sürdüyü bütün təkliflər isə Prezident İlham Əliyev tərəfindən bloklanıb. Nəticədə də Ermənistan və Fransanın məmnun olmadığı bir variantda Praqa bəyannaməsi ortaya çıxdı.
Onlar artıq bu görüşün nəticələrini məğlubiyyət hesab edirlər. Son hadisələr rəsmi Parisin sülh prosesindəki mənfi, yaxud müsbət rol oynadığını açıq şəkildə göstərmiş oldu. Yəni vasitəçilik etmək istəyən bir ölkənin prezidenti açıq-aşkar biz Ermənistanın yanındayıq deyir. Bununla da o neytrallığı pozmuş oldu.
Bundan sonra isə İlham Əliyev bildirdi ki, Fransa artıq Ermənistan və Azərbaycan arasındakı sülh prosesində iştirak etməyəcək. İndi isə onlar vəziyyəti düzəltmək üçün səfirlər səviyyəsində müxtəlif açıqlamalar verərək bizim könlümüzü almağa çalışırlar. Lakin bunlar boş cəhdlərdir.
Azərbaycan xalqı və cəmiyyəti Fransanın mövqeyini on illərdir ki, bilir. Parisin yenidən prosesə qayıtmasına rəsmi Bakı imkan verməz. Sülh prosesində iştirakı isə Makronun günahı ucbatından bloklandı”.