Xəbər verdiyimiz kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə yollanıb. Ölkəmizin başçısı bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb və sonra liderlər mətbuat konfransında çıxış ediblər.
Azərbaycan prezidenti gələcəkdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirib və Azərbaycanın buna hazır olduğunu bildirib.
Ölkəmizin rəhbəri diqqətə çatdırıb:
"Hesab edirik ki, Qarabağ münaqişəsi başa çatdı və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq vaxtı yetişdi. Niyyətimiz budur. Biz 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etmişik. İnanırıq ki, Ermənistan həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu əsas prinsiplər əsasında siyasi iradə nümayiş etdirəcək və sülh müqaviləsini bağlayacaq. Bununla Cənubi Qafqaza sülh gələcək və əməkdaşlıq imkanları yaranacaq. Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı da fikir mübadiləsi apardıq. Ermənistan tərəfi də buna razıdırsa, biz hazırıq.”
Gürcüstanın baş naziri İ.Qaribaşvili çıxışında Azərbaycan prezidenti ilə regiondakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı görüşləri və sülh prosesini müzakirə etdiklərini söyləyərək "Mən və hökumətimiz Azərbaycan və Ermənistan arasında sülhün qorunması üçün əlimizdən gələni edəcəyik” deyib.
Azərbaycan prezidentinin Gürcüstan səfərinin hər iki ölkənin əlaqələrinin daha da inkişf etdirilməsinə dair razılaşmaların imzalanması ilə yadda qaldığını deyən Real Partiyasının sədr müavini Natiq Cəfərli "Sherg.az"a bildirib ki, bu səfərdə Tiflis özünü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması platforması kimi təqdim etməsi, ölkə başçısı tərəfindən xoş qarşılandı:
"Hətta Qarabağ işğal altında olduğu zamanlarda da, Azərbaycan-Ermənistan arasındakı müxtəlif görüşlər Gürcustanda keçirilib. Siyasətçilər, jurnalistlər, alimlər və sivil toplumun nümayəndələri də Gürcüstanda, Ermənistanla müəyyən müzakirələrdə iştirak ediblər. Yəni Tiflis bu anlamda təcrübəsi var.
Daimi müzakirələrin aparılması üçün Gürcüstandan mərkəz kimi istifadə olunması mümkündür. Ümumiyyətlə, Cənubi Qafqazın gələcəkdəki təhlükəsizlik konsepsiyasının üç ölkə tərəfindən reallaşdırılması, ideal bir vəziyyət olardı. Çünki bu regionun gələcəyi, normal münasibətlərin qurulmasından və Azərbaycanla Ermənistan arasında sülhün yaradılmasından keçir.
Bunu rəsmi İrəvan da anlamalıdır. Sülh danışıqlarını uzatmaqla və sülh prosesinə maneə yaratmaqla, Cənubi Qafqaza ən böyük təhlükəni isə Ermənistan yaradır".