«Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi dialoq mühitinin yaranması, eləcə də, konkret məsələlərin, o cümlədən, qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizdə reallığa çevrilib. Siyasi Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə 24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı, keçirilən ictimai dinləmə Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlnaması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdır.»
Bu fikirləri "Sherg.az"a Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərə uyğun hazırlanmasının göstəricisidir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur. Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir. Burada əsas məqsəd cəmiyyətimizin saflaşmasıdır. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir. Belə ki, Ali qanunverici orqan və siyasi partiyalar arasında əlaqələrin yeni müstəvidə inkişafı, vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə və ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına zəmin yaradır. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaqdır.