Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olunub.
Görüşü dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bu səfərin sanksiyalar altında əzilən bir ölkənin iqtisadiyyatının dirçəldilməsinə hesablandığını düşünürəm:
"Biz bu görüşün əsas müzakirə mövzularının energetika, iqtisadiyyat, ticarət və humanitar məsələlərdən ibarət olduğunu görürük. Görünür ki, Rusiya tərəfi Avrasiya İqtisadi Formunun tədbiri vasitəsilə, Kremlin maliyyə əməliyyatlarının dairəsini genişləndirmək və ticarət mübadiləsini artırmaq istəyir.
Bunun üçün isə əlavə bazarlar və marşrutlar əldə etmək lazımdır. Bu mənəda səfərin mövzu dairəsi, Zəngəzur dəhlizi və sülh müqaviləsinin imzalanmasını da əhatə edir.
Çünki Rusiyanın nəqliyyat marşrutlarına ciddi ehtiyacı var. Azərbaycana ehtiyac və alternativləri dəyərləndirmək istəyi isə buradan doğur.Məhz iqtisadiyyat yönümlü nazirlərlə görüşün keçirilməsi bununla əlaqədərdir".