TDT-nin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun ilk iclası yazda keçirilə bilər

"Gələn ilin yaz aylarında Türkiyənin İstanbul və ya digər böyük şəhərlərindən birində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun ilk iclası keçiriləcək".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Şuşada oktyabrın 27-də Bakıda keçirilən iclasda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakıda sənədlə bağlı kifayət qədər geniş müzakirələr aparılıb və artıq konsensusa gəlinib: "Ötən gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı da danışıqlar aparılıb. Bu məsələni Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahinlə də müzakirə etmişik. Mən forumun gələcəyinin parlaq olacağına inanıram. Biz də öz növbəmizdə forumun davamlı olması üçün çalışacağıq".