İran- Azərbaycan əlaqələri gərginlik fazasında! – “XİN rəhbərləri vəziyyəti sakitləşdirməyə...” 

"Son vaxtlar İranla Azərbaycan arasında xüsusilə də siyasi əlaqələr gərginlik fazasındadır".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Turab Rzayev deyib. Onun sözlərinə görə, vəziyyətin ağırlaşmasında rəsmi Tehranın rəsmi Bakıya qarşı həyata keçirdiyi destruktiv məsələlərin, ölkəmizin əleyhinə addımların çox böyük rolu var:
"İstər Azərbaycanın İranla sərhədlərinin işğaldan azad edilməsinə, rəsmi Bakının Zəngəzur dəhlizinə dair çıxışları, gah Zəngəzur koridorunun, gah da İran sərhədlərinin yaxınlığında qırmızı xəttin elan edilməsi, ən son Qafanda konsulluğun açılması, Azərbaycan sərhədlərində keçirilən hərbi təlimlərdə Araz çayını keçmə manevrləri olsun, hər biri ölkəmizlə düşmənçilik mühiti yaradır.

 İran tək bununla qalmır, dövlətə yaxın media, siyasətçilər, ictimai xadimlər açıq şəkildə dövlətimizə qarşı təhdid mesajları yağdırırlar. Azərbaycanı müharibə ilə, qırmızı xətt pozulduqda rəsmi Bakıya hücum, həmçinin Naxçıvanı işğal etməklə hədələyirlər. 

Eyni zamanda güney Azərbaycandakı soydaşlarımızın insan haqlarının ciddi şəkildə pozulması davam edir. Onlar işgəncə, əziyyət görürlər. Xalqımızın milli dəyərlərinə zərbə vururlar. Həmçinin İranın Azərbaycan və Türkiyə sərhədində hərbi təlim keçirilməsi məsələsi də artıq açıq mesajdır. Bir dövlətin sərhədində hərbi təlimin keçirilməsi əslində ölkəyə qarşı müharibə elanına bənzər bir aktdır. Aydın məsələdir ki, XİN başçıları mövzunu müzakirə etməyə çalışırlar. Ola bilsin ki, İran tərəfi vəziyyəti sakitləşdirməyə çalışır. Yəni həm Azərbaycan, həm də İran XİN rəhbərləri gərginliyin səngiməsi üçün danışıqlar aparırlar".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri (XİN) Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.