Tokayevin yenidən prezident seçilməsi sevindiricidir

Türk dövlətlərinin inteqrasiyası ilə bağlı çox ciddi addımlar atılacaq

  Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin ilkin nəticəsini açıqlayıb. Məlumata görə, hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev səslərin 81.31 faizini toplayıb. Ona 6 milyon 456 min seçici səs verib. Yeni konstitusiyaya görə, Tokayev yalnız bir dəfə 7 il prezident olacaq. 

“Ədalətli Qazaxıstan - hamı və hər kəs üçün” şüarı ilə çıxış edən Tokayev dövlət institutlarının yenidən qurulmasına ehtiyac olduğu düşüncəsindədir. Böyük ehtimalla prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq, korrupsiya ilə mübarizəni davam etdirəcək. Onu prezident seçilməsi münasibətilə ilk təbrik edən keçmiş dövlət başçısı Nursultan Nazarbayev olub. Nazarbayev Tokayevin qələbəsini tarixi adlandıraraq, xalqın ona inandığını bildirib. O, Tokayevin Qazaxıstan üçün ən kritik anlarda doğru qərar verdiyini vurğulayıb. 

  Siyasi şərhçi Azər Həsrət "Şərq"ə bildirib ki, Qasım Jomart Tokayevin seçkinin ilkin nəticələrinə görə, Qazaxıstan prezidenti seçilməsi sevindiricidir. Analitik vurğulayıb ki, Qazaxıstan ilk prezident N.Nazarbayevdən sonra Qasım Jomart Tokayevin rəhbərliyi altında türk dövlətləri ilə inteqrasiya istiqamətində çox ciddi addımlar atmağa davam etməkdədir: 

"Qazaxıstan türk dünyasına töhfələr verməklə dövlət müstəqilliyinin heç nəyə güzəştə gedilməyəcəyini ilk növbədə Rusiyaya göstərmiş oldu. Bu baxımdan Tokayevin yenidən prezident seçilməsi məmnunedicidir. 

Qazaxıstan-Azərbaycan əlaqələrinin artan xətlə inkişafı bu ölkələrə başçılıq edən şəxslərdən xeyli asılıdır. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri arasında birliyin, bərabərliyin daha da irəli aparılması üçün yorulmadan çalışır, eyni qaydada qardaş Qazaxıstan prezidenti də bu istiqamətdə təşəbbüslər göstərir. 

Tokayevin rəhbərliyi həm türk birliyi, həm də Azərbaycanla ikili əməkdaşlığın inkişafı üçün vacib məqamdır. Əminik ki, Tokayevin prezidentliyi dönəmində Qazaxıstan öz müstəqilliyini daha da möhkəmləndirəcək. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının inteqrasiyasına ciddi töhfələr verəcək. Tokayev kifayət qədər təcrübəli siyasətçi və diplomatdır.

 O, strateji vizyonu olan önəmli bir liderdir. Hesab edirəm ki, Qazaxıstan seçiciləri ən düzgün seçimi ediblər. Bu seçim digər türk dövlətləri tərəfindən də alqışlanır".