Paşinyanın fiaskosu...

KTMT hər dəfə İrəvanı məyus edir

Azərbaycan təmsil olunmadığı qurum nəzdində Ermənistandan qat-qat çox nüfuza malikdir

  Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubiley tədbirində mühüm məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri xeyli möhkəmlənib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstərir. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir: "Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. 

Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana münasibət nə üçün mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”.  

  "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko da deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu çox gözəl başa düşür. Onun sözlərinə görə, Ermənistanın təcavüzü törədən və Azərbaycan ərazilərini 30 ilə yaxın öz nəzarətində saxlayan ölkə olmasına dair heç kimin şübhəsi yox idi:

 "İkinci Qarabağ müharibəsindən sonra yeni reallıq yaranıb və bu reallıqda Ermənistan təslim olmuş, müharibəni uduzmuş bir ölkədir. Bununla belə, İrəvandakı revanşistlər hələ də yeni silahlı təxribatlar törətmək planları bəsləyir". Korotçenko xatırladıb ki, Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Paşinyan KTMT-ni Azərbaycana qarşı təhrik etməyə və hərbi dəstək almağa cəhd edib: "Lakin bu cəhd baş tutmadı. KTMT üzvlərindən heç biri onu dəstəkləmədi, İrəvanın əlində alət olmaqdan və Azərbaycana qarşı çıxmaqdan imtina etdi". 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Azərbaycan çoxsaylı təşkilatların üzvüdür. Professorun sözlərinə görə, bununla yanaşı, ölkəmiz həm də Qoşulmama Hərəkatına rəhbərlik edir:

 "Azərbaycan hərbi bloklara qoşulmamaqla bağlı bir missiya həyata keçirir. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmamağımız o anlama gəlmir ki, həmin quruma qoşulmuş ölkələrlə də əlaqəmiz yoxdur. Ermənistan istisna digər bütün üzvlərlə çox sıx münasibətlərimiz, dostluq əlaqələrimiz var. Belarus Prezidenti A.Lukaşenko sammitdə Ermənistan Baş naziri Nikol Paşinyanı uşaq kimi danladı. Rusiya Paşinyana Lukaşenkonun dili ilə cavab verdi. Ermənistan hər fürsətdə KTMT-dən öz məqsədləri üçün istifadə etməyə çalışsa da, Azərbaycan Türk Dövlətləri Təşkilatı üzvlərinin əliylə qurumdakı maraqlarını çox gözəl təmin edir. Yəni Prezidentin vurğuladığı kimi, Ermənistanın birbaşa təşkilata üzv olması, müəyyən dövr rəhbərlik etməsi, növbəti sammitin İrəvanda keçirilməsi heç bir anlam ifadə etmir. Azərbaycan təmsil olunmadığı qurum nəzdində Ermənistandan qat-qat çox nüfuza malikdir, üstün statusdadır. İrəvanı məyus edən odur ki, təşkilatda əsas müttəfiqi Moskva belə Ermənistanı dəstəkləmir, meydanda tək buraxır. Ancaq qurum üzvləri - Belarus, Qazaxıstan, Qırğızıstan birmənalı rəsmi Bakını dəstəkləyir". 

C.Nuriyev vurğulayıb ki, dövlət başçısı Ermənistanla yanaşı, İrəvanın havadarlarına da mesajlar verib: 

"60 ölkə "Frankomaniya" adı altında Tunisdə toplaşdılar və Fransanın birbaşa dəstəyi ilə Ermənistanı da ora dəvət etdilər. Halbuki, ermənilərin "frankomaniya"ya heç bir dəxli yoxdur. Orada Azərbaycan əleyhinə qərar qəbul olunmalı idi. Amma Albaniya bu qərarın alınmamasında çox ciddi rol oynadı. Baxın, "frankomaniya"dan bir neçə gün öncə Azərbaycan Prezidenti Albaniyaya səfər etdi və mühüm görüşlər, siyasi-iqtisadi müzakirələr getdi, razılaşmalar əldə olundu. Əsl diplomatiya budur, səssiz diplomatiya. NATO üzvü olan bir dövlət - Albaniya Azərbaycanın maraqlarını müdafiə etdi, bizim təmsilçimiz kimi çıxış etdi. Dövlət başçısının siyasəti çox uğurludur. Bizə dost qazandıran da məhz bu siyasətdir".