Qonşumuzun xislətinə bələdik

İranın Cənubi Qafqazla bağlı siyasətinə redaktələr edəcəyi gözlənilmir

  İranın ali rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti səviyyəsində Azərbaycanı “İranın gözünün nuru” adlandırması və "tövbə siyasəti" tərəflər arasındakı gərginliyi və strateji maraqları dəyişmədi. Çünki İranın Cənubi Qafqazla bağlı siyasətinə redaktələr edəcəyi, Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyi və Ermənistanı himyə etməkdən vaz keçəcəyi inandırıcı deyil. 
  Politoloq Elxan Şahinoğlu da düşünür ki, Vilayətinin məqaləsi qeyri-səmimi ifadələrlə bəzədilib: "Vilayətinin hazırkı məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb. Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır. Əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı güncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı. Sadəcə, quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik".