İrəvanda Putinə qarşı etirazlar təşkil olunacaq

Ermənistanın məqsədi kiçik aksiyalarla Qərbə və Rusiyaya mesajlar verməkdir

 Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu, Baş nazir Nikol Paşinyanın əlaltıları arasında isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. “KTMT düşməndir” başlığı ilə materiallar yayırlar. “Hraparak” nəşri məlumat yayıb ki, aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları Putini İrəvanda etirazlarla qarşılamağa hazırlaşırlar. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti noyabrın 23-də İrəvanda keçiriləcək. Vladimir Putin də sammitdə iştirak etmək üçün Ermənistana səfər edəcək. 

  Politoloq Tural İsmayılov "Şərq"ə deyib ki, Ermənistanda anti-Rusiya isterikasının hökm sürdüyü Moskvanın özünə də bəllidir. Analitik qeyd edib ki, buna rəğmən, Putinin KTMT iclasına qatılmaq üçün İrəvana səfər etməsi görüntü və Qərbə mesaj vermək üçün Paşinyan hökumətinin işinə yaraya bilər: 

"Rusiya əleyhinə lokal etiraz aksiyaların qızışdıran elə İrəvan hakimiyyəti olub. Bununla Nikol Paşinyan bağlı olduğu Sorosçular üçün fon yaratmağa çalışıb. Eyni zamanda Rusiyaya da mesaj ötürür ki, erməni xalqı Rusiyanı Ermənistan ərazisində istəmir. Putinin səfəri öncəsi müəyyən təxribatların olacağı ehtimal olunur, hətta kiçik etiraz aksiyaları da mümkündür. Kreml bütün bunların fərqindədir və İrəvanın niyyətini yaxşı bilir. Moskva Paşinyanın Rusiyaya badalaq qurmaq üçün fürsət gözlədiyini, məqam axtardığını anlayır. Ancaq birbaşa Putinin kartejinə yaxın ərazidə, yaxud KTMT iclasının keçirildiyi yerdə hansısa aksiyaya icazə verilməyəcək. Ermənistanın məqsədi həmin ərəfədə bəlli yerlərdə kiçik etirazlarla Qərbə və Rusiyaya mesajlar verməkdir".