Qlobal geosiyasi çağırış: Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir

Prezident İlham Əliyev dünən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.  Dövlət başçısı Ermənistanla münasibətlər barədə da danışıb. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir:

 “Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir”. 

 Məlum olduğu kimi, İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu yeni reallıqların müəllifi Azərbaycandır. 

Artıq münaqişə səhifəsi geridə qalıb. İndi rəsmi Bakının prioriteti regional əməkdaşlıq mühitini, bölgədəki sabitliyi təmin etməkdir. Bu, post-münaqişə dövrünün tələbidir. Prezident İlham Əliyevin dünən verdiyi mesajlar da məhz bu kontekstdən qiymətləndirilməlidir. 

 Təkcə regional proseslər yox, bütünlüklə dünyada baş verən geosiyasi hadisələr onu deməyə əsas verir ki, Ermənistan Azərbaycnın şərtlərini yerinə yetirməli, sülh müaviləsini imzalamalıdır. 

Çünki uzun illər Ermənistanın “çətiri” rolunu oynayan Rusiyanın başı artıq Ukrayna ilə müharibəyə qarışıb. Rəsmi Moskva tədricən zəifləyir və sivil dünyadan təcrid olunur. 

 Həmçinin Cənubi Qafqazda Qərblə Kreml arasında gedən mübarizə ən çox Ermənistana təsir edir. İrəvanın iki tərəf arasında manevr etməkdən başqa yolu yoxdur. Bu isə uzaq perspektiv üçün keçərli deyil. 

 Üçüncüsü, Türkiyə faktorunu nəzərə almaq lazımdır. 

Ankara ilə diplomatik münasibətlərin bərpasını arzulayan İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışmalıdır. Çünki əks halda İrəvan - Ankara münasibətlərindən söhbət gedə bilməz. 
 Beləliklə, hazırda Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi və yekun sülh müqaviləsini imzalaması qlobal geosiyasi çağırışa çevrilib. İrəvanın bu çağırışa etinasız yanaşması onun üçün çox ağır perspektiv vəd edir.