“Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranıb. Prezident cənab İlham Əliyevin uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurub, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşıb”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin deputatı, BDU nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, prezident cənab İlham Əliyevin "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi:
“Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırıb. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal - Cənub, Şərq - Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaradıb. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət olmaqla yanaşı, Azərbaycan Ordusu dünyanın ən güclü ordu sıralarında yer alır. Azərbaycan dünyanın bir çox dövlətləri ilə strateji müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır”.
K.Əliyevanın sözlərinə görə, Azərbaycana qarşı bir cəbhədə birləşən nə İran, nə də Ermənistan Azərbaycanın regionda həyata keçirəcəyi nəqliyyat - infrastruktur layihələrinə mane törədə bilər. Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil, suveren bir dövlət deyil:
“Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti keçmir. Ümumiyyətlə, Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat sektoru Rusiyaya məxsusdur. Bu gün Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır.
Ölkəmiz diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verir. Azərbaycan dövlətinin İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması sülhə xidmət edən bir addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün Avropa İttifaqı ölkəmizin çox mühüm tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçilik missiyasını həyata keçirmək istəyən Minsk qrupu artıq mövcud deyil və dəfn olunmuş qurumdur. Azərbaycan bu missiyanı öz üzərinə götürmüş Avropa İttifaqının səylərini yüksək qiymətləndirir.
Minsk qrupunun həmsədrlərindən olan nə Rusiya, nə də ABŞ tərəf tutub. Fransa isə Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özü vasitəçilik missiyasının üstündən xətt çəkmiş oldu. Məhz Fransa və Ermənistanın təxribat dolu hərəkətləri səbəbindən dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq. Artıq Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt uzatmaq hiyləsi hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasəti - işğalçılıq siyasəti həyata keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırım siyasəti bütün dünyaya məlumdur”.
Millət vəkilinin sözlərinə görə, tədbirdə Prezident cənab İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu:
“Bu gün İranda yaşayan 35 milyondan çox azərbaycanlıların bir dənə də olsun məktəbləri yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar.
Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir.
Prezident cənab İlham Əliyev bir daha Azərbaycan dövlətinin güclü və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi”.