Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qatılacaq. R.T.Ərdoğanın əsas rəqibi 6 müxalifət partiyasının birləşdiyi “Millət ittifaqı”nın prezidentliyə namizədi olacaq. Bu cəbhədə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu, İYİ Partiyanın lideri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokratiya və Atılım Partiyasının başqanı Əli Babacan eyni düşərgədə yer alır.
Qardaş ölkədəki seçki öncəsi mühiti “Sherg.az”a dəyərləndirən Türkiyədə yaşayan araşdırmaçı-jurnalist Dilqəm Əhməd söyləyib ki, əvvəlki illərdə birmənalı olaraq Ərdoğanın qələbə çalacağını deyə bilərdik:
“Amma son bələdiyyə seçkilərində Ankara və İstanbulun itirilməsi, müxalif namizədlərin uğurlu başqanlıq fəaliyyətinə dair alternativləri üzə çıxardı. Aradan ötən müddətdə ölkə iqtisadiyyatının zəifləməsi də AKP hökumətinin əleyhinə çevrilib. Bu baxımdan Ərdoğanın şansı kifayət qədər azalıb. Burada müxalifətin də birliyi önəmli oldu. Altılı masa hələ dağılmayıb və vahid namizəd çıxara biləcəyi görünür. Mənə elə gəlir ki, Ərdoğan vahid namizəd kimi İmamoğlunu istəyir və onu asanlıqla yenə biləcəyini düşünür.
Burada İmamoğlunun HDP ilə münasibətlərindən istifadə ediləcək. Amma biz uzun müddətdir Kılıçdaroğlunun özünün də namizədlik üçün önəmli addımlar atdığını görürük. Yəni CHP içərisində də hələ dəqiq qərar yoxdur. Məncə, Kılıçdaroğlu namizəlikdə dirənsə, İmamoğlu İYİ partiyaya yaxınlaşacaq. Digər tərəfdən Ankara bələdiyyə başqanı Mansur Yavaşın namizəd olma ehtimalı da qalır. Ola bilər ki, əsas namizəd odur, indidən üzərinə hücumlar olmasın deyə ehtiyatlı davranılır.
Fikrimcə, müxalifətin namizədi altılı masaya aid olmayan, amma populyar bir şəxs olacaq ki, keçid hökuməti qursun".