İrəvanın növbəti arzusu suya düşdü 

Qarabağa hansısa missiyanın göndərilməsi üçün Azərbaycanın razılıq verməsi lazımdır

  Ermənistan BMT strukturlarını vəziyyətlə yerində tanış olmaq üçün Dağlıq Qarabağa faktaraşdırıcı missiya göndərməyə çağırıb. Bunu Ermənistanın təşkilatdakı daimi nümayəndəsi Mqer Marqaryan BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Bu məsələ daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də dilə gətirilib. Hökumətin iclasında danışan baş nazir deyib ki, Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır: "Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”.

Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib ki, İrəvanın bu istəyi beynəlxalq ictimaiyyəti Qarabağda praktik addımlara cəlb etmək niyyətindən irəli gəlir. Ekspert qeyd edib ki, Xankəndi yolunda keçirilən aksiyanı Fransanın dəstəyi ilə BMT TŞ-nin müzakirəsinə çıxara bilsələr də, faktiki olaraq ümumi çağırışlardan başqa heç nəyə nail ola bilmədilər: "BMT, yaxud ATƏT Qarabağa faktaraşdırıcı missiya göndərə bilərmi? Ermənistanın istəyinə baxmayaraq, buna nail olması çətindir. BMT-nin “faktaraşdırıcı missiya”, yaxud müşahidəçilərinin göndərilməsi məsələsi Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır: belə yekdil mövqenin tapılması problemlidir. TŞ üzvü olan Rusiya buna qarşı mövqe sərgiləyə bilər. Qarabağda sülhməramlılarını yerləşdirən Moskva digər ölkələrin, yaxud təşkilatların proseslərə qoşulmasını bölgədəki maraqlarına müdaxilə olaraq görür. Digər yandan Qarabağa hansısa missiyanın göndərilməsi üçün Azərbaycanın razılıq verməsi lazımdır. ATƏT-in proseslərə müdaxiləsi də bu kontekstdə mümkünsüz görünür. Xüsusilə rəsmi Bakının icazəsinin həlledici amil olması fonunda...".
  A.Nərimanlıya görə, Paşinyanın bu açıqlaması daha çox siyasi manevr xarakteri daşıyır: "Erməni ictimaiyyətində “baş verənlərə görə Rusiya günahkardır” və “Qarabağdakı ermənilər üçün əlimizdən gələni edirik” rəyini yaradır. Eyni zamanda Moskvaya “siz bacarmırsınızsa, üçüncü tərəfləri prosesə qoşa bilərik” mesajı verməklə rusların aksiyaya qarşı hərəkətə keçməsinə sövq etmək istəyir".