"Nədənsə, qərb Saakaşviliyə qarşı münasibətdə də ikili standartlardan çıxış etməyə başlayıb"
“Gürcüstan hakimiyyəti eks prezidenti ölümə sürükləyir. Mixeil Saakaşvilinin səhvləri olsa da, bu qədər böyük cəzaya layiq deyildi”.
Bu sözləri Sherg.az-a açıqlamasında Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Gürcüstana demokratiya gətirən, çox böyük islahatlara imza atan sabiq dövlət başçısına terrorçu, qatı cinayətkar kimi əziyyət verilməsi ədalətli deyil:
“Yayılan video və fotolardan da göründüyü kimi Saakaşvilinin səhhəti çox ağırdır. Düşünürəm ki, həbsdə olduğu müddətdə Saakaşvilinin başına bir iş gəlsə, bu, İvanişvili hökumətinin imici üçün çox böyük zərbə olacaq. Buna rəğmən İvanişvili hökuməti Saakaşvilini həbsdə saxlamaqda israrlı görünür. Hətta Ukrayna Prezidenti və digər qərb təşkilatlarının müraciətlərinə belə əhəmiyyət vermir. Çox güman ki, İvanişvilinin Saakaşvilini həbsdə saxlamasına səbəb qorxudur. Hər nə qədər eks prezident siyasətə qatılmayacağını bəyan etsə də, o, xarizmatik fiqurdur. Qorxurlar ki, həbsdən azad etsələr, bir müddət müalicə alıb güc topladıqdan sonra Saakaşvili yenidən siyasətə qayıdaraq tərəfdarlarını arxasına alıb Gürcüstanda inqilab edəcək”.
M.Saakaşvilinin həbsi ilə bağlı qərbin biganəliyini anormal hesab edən E.Şahinoğlu deyib ki, Amerika Dövlət Administrasiyası ilə Saakaşvilinin çox sıx münasibətləri vardı:
“İndi isə onun həbsinə, hətta ölümünə seyrçi mövqedə qalıblar. Avropa İttifaqına, NATO-ya üzv olmaq istəyən Gürcüstana bununla bağlı ciddi təzyiqlər olsa İvanişvili bu təzyiqlər qarşısında Saakaşvilini azad edə bilər. Amma nədənsə, qərb Saakaşviliyə qarşı münasibətdə də ikili standartlardan çıxış etməyə başlayıb. Eyni ssenarini indi də Ukrayna Prezidenti Zelenskiyə qarşı oynayırlar. Konqresdə əl çalıb ayaq üstdə qarşılayırlar. Halbuki vaxtilə eyni formada dəstəklədikləri Saakaşvilini taleyin ümidinə buraxıblar”.