İrəvan-Moskva münasibətləri kəskinləşib

Artıq Ermənistanın əlində Azərbaycana qarşı istifadə etmək üçün heç bir "siyasi silah" qalmayıb

Rusiyanın gözləntisi o idi ki, baş nazir Nikol Paşinyan Moskvanın bütün təlimatlarına qeyd-şərtsiz əməl etsin

  Ermənistan təmsilçilərinin Azərbaycan rəsmiləri ilə Rusiyada görüş təklifindən imtina etməsi İrəvan-Moskva münasibətlərini gərginləşdirib. Xüsusən erməni xarici işlər naziri Arorat Mirzoyanın Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşünə səbəbsiz qatılmaması Kremli daha da hiddətləndirib. Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı İrəvan hökumətinin ünvanına xoşagəlməz ifadələr səsləndirib. Lavrov erməni tərəfinin görüşdən diplomatik üsullarla imtina etmədiyini vurğulayıb.

Mirzoyan isə buna cavab olaraq Lavrovu yalan danışmaqda ittiham edib. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Ermənistanı Zəngəzur dəhlizini açmağa və İttifaq Dövlətinə daxil olmağa məcbur etdiyini bildirmişdi. Kreml sözçüsü Dmitri Peskov isə bunu yalan və təxribat adlandırmışdı. Erməni politoloq Benyamin Poqosyan Rusiya və Ermənistan XİN başçılarının bir-birinin ünvanına səsləndirdiyi ittihamlar haqda danışarkən deyib ki, İrəvan indiki şəraitdə Qarabağda ermənilərin yaşamasını istəyirsə, daha diqqətli olmalı və Rusiya rəhbərliyinə qarşı sərt bəyanatlardan çəkinməlidir. Onun sözlərinə görə, diplomatik praktikada bir ölkənin xarici işlər nazirinin digər ölkənin XİN başçısını açıq şəkildə yalan danışmaqda ittiham etməsi çox nadir rast gəlinən haldır: "Bu hal hətta dost olmayan ölkələrin XİN başçıları arasında baş vermir, nəinki “strateji müttəfiqlər”. Səbəbləri deyə bilmərəm, amma qəribə və qeyri-adi şeyin baş verdiyi hiss olunur". Politoloq qeyd edib ki, İrəvan Qarabağda hər şeyin Rusiyadan asılı olduğunu bilməlidir: 

“Ermənilər rus sülhməramlılar Qarabağda olduğu müddətdə orda yaşayacaqlar. Xankəndidə bu yaxınlarda baş tutan çoxminli mitinqin səbəbi rus sülhməramlıların orada iştirakıdır. Rus sülhməramlılar olmasa, mitinq də olmayacaqdı”. Onun sözlərinə görə, rus sülhməramlılar bu gün çıxmağa başlasalar, onlardan qabaq ermənilər o əraziləri tərk edəcək.

  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də deyib ki, Ermənistanla Rusiya arasında artıq taktiki yox, strateji problemlər var. Onun sözlərinə görə, Ermənistan düşünürdü ki, onların işğalçılıq siyasəti birmənalı olaraq Rusiya tərəfindən dəstəklənəcək: 

"Ermənistanla Rusiya arasında fundamental fikir ayrılığı davam edəcək. Bu fundamental problem ondan ibarətdir ki, Ermənistan gözləyir ki, Qərb onların iqtisadi problemlərini həll etsin, Rusiya da işğalçılıq siyasətini dəstəkləsin".

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, İrəvan-Moskva münasibətlərinin kəskinləşməsinin əsas səbəbi Ermənistanın tutduğu mövqedir. Professorun sözlərinə görə, Kremlin gözləntisi o idi ki, baş nazir Nikol Paşinyan Moskvanın bütün təlimatlarına qeyd-şərtsiz əməl etsin: 

"Amma Paşinyanı hakimiyyətə gətirənlərin istəkləri tamamilə fərqlidir. ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir. İran da öz mövqelərini qorumağa çalışır. Türkiyə isə birmənalı Azərbaycanın maraqlarına uyğun hərəkət edir. Fransa isə Ermənistanın yanındadır. Cənubi Qafqazda dominant olmaq, siyasi aktor olmaq uğrunda açıq "döyüş" gedir. Hazırda Rusiya ABŞ və Avropa tərəfindən təklənmiş vəziyyətdədir. ABŞ-Avropa dueti qarşısında Rusiya-İran ikilisi çox zəifdir. Çünki həm Rusiyaya, həm də İrana qarşı güclü sanksiyalar mövcuddur. Moskvanın bölgədə, o cümlədən Ermənistanda hakimiyyət maraqlarının olduğu sirr deyil. Rusiya istədiyini almayana kimi əl çəkməyəcək və indiki İrəvan hökuməti ilə "mübarizəsini" aparacaq. Lakin regionda özünə ikinci cəbhəni də açmaq istəmir, çünki bu, indiki məqamda Kreml üçün əlavə basqı və yük anlamına gəlir. O baxımdan çalışır ki, müəyyən təzyiqlərlə Ermənistan hakimiyyətini nəzarəti altında saxlasın". 

  C.Nuriyev vurğulayıb ki, rəsmi Bakı İrəvan-Moskva gərginliyindən çox uğurla yararlanır:

 "Ceyhun Bayramovun rusiyalı həmkarı ilə görüşü Azərbaycanın maraqları kontekstində keçdi. İlk dəfə olaraq Rusiya birmənalı şəkildə Ermənistanı bu və ya digər məsələlərdə Azərbaycanın əleyhinə çıxmağa imkan vermədi. Prezident V.Putin qısa görüş vaxtı ancaq ümumi şəkildə Azərbaycan-Ermənistan problemlərindən danışdı. Həmçinin Kreml rəhbəri "Dağlıq Qarabağ" sözü işlətmədi. Halbuki Paşinyan dəsmal götürüb ağlayırdı ki, guya, "Azərbaycan yolu bağlayıb, ermənilər fəlakət içindədir" və s. Artıq Ermənistanın əlində Azərbaycana qarşı istifadə etmək üçün heç bir "siyasi silah" qalmayıb".